...

Dövlət katibi Klintonun Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə kömək edə bilər – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2010 09:00 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfəri Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə kömək edə bilər, - ekspertlər belə hesab edirlər.
Dövlət katibi Klintonun Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə kömək edə bilər – ekspertlər

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfəri Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə kömək edə bilər, - ekspertlər belə hesab edirlər.

"Dövlət katibi Klintonun Bakıya və Yerevana səfərindən sonra, biz Dağlıq Qarabağ nizamlanması məsələsində irəliləyiş gözləməyə bilərik, lakin irəliləyiş, hər şeydən əvvəl, Azərbaycan və Ermənistan siyasətçilərindən asılıdır", - Hadson İnstitutunun (Hudson Institute) baş elmi işçisi və "World Politics Review" jurnalının baş redaktoru Riçard Vayts (Richard Weitz) elektron poçtla Trend-ə bildirib.

ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaza öz səfərini iyulun 4-də Bakıdan başlayıb.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, güc tətbiq edilməməsi, öz müqəddəratını təyinetmə hüququ və Helsinki prinsipləri əsasında sülh yolu ilə həllinə sadiqdir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıda Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında bildirib.

"ABŞ münaqişəni həll edə bilməz, lakin tərəflərin razılığa gəlməsi üçün onların yaxınlaşmasına kömək edə bilər", - Klinton deyib və əlavə edib ki, Birləşmiş Ştatlar iki ölkə arasında danışıqlar məsələsində tərəfdaş ola bilər.

Müşahidəçilər Hillari Klintonun səfərinə nikbinliklə baxırlar və ondan ümumilikdə region üçün və o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müsbət nəticələr gözləyirlər.

Klintonun Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirməsi sübut edir ki, ABŞ Ermənistan - Türkiyə münasibətlərinin normallaşması üçün bu məsələdə irəliləyişin həlledici əhəmiyyətini dərk edib. Cənubi Qafqaz üzrə amerikalı ekspert Mark Kats (Mark N. Katz) belə hesab edir.

Onun sözlərinə görə, buna zəmanət verilməsə də, Amerikanın müdaxiləsi Azərbaycan - Ermənistan münasibətlərinin yaxşılaşmasına nail olmağa kömək edə bilər.

"Düşünürəm ki, Barak Obama administrasiyası Dağlıq Qarabağ problemi üzərində işləməyə üstünlük verir, nəinki, misal üçün, Gürcüstan problemi üzərində. Çünki Dağlıq Qarabağ ABŞ və Rusiyanın əməkdaşlıq edə biləcəyi məsələdir, Gürcüstan isə əksinə, tərəflərdə fikir ayrılıqları doğurur", - Amerikanın Corc Meyson Universitetinin (George Mason University) beynəlxalq münasibətlər departamentinin siyəsət professoru Kats elektron poçtla Trend-ə bildirib.

Azərbaycanlı politoloq Rasim Musabəyovun fikrincə, mövcud münaqişələrin işığında ABŞ-ın regionda rolu arta bilər. Rusiya birinci şəxs səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-a nisbətən daha çox iştirak edir. Çünki Prezident Obama münaqişəyə Rusiya Prezidenti Dmitri Medvedevin etdiyi kimi kifayət qədər diqqət ayıra bilmir.

"Bu, Rusiyanın coğrafi vəziyyəti ilə əlaqədardır və həm də Moskva ənənəvi olaraq regionda ABŞ-dan fərqli olaraq daha böyük həcmdə iştirak edir", - Musabəyov Trend-ə bildirib.

Musabəyov hesab edir ki, Klintonun səfəri region dövlətlərinə Vaşinqtonun bu dövlətlərin müstəqillik və inkişafına dəstək olmağa hazır olduğuna inam aşılamalıdır.

"Lakin biz tezliklə əmin olacağıq ki, nə münaqişə, nə də region Rusiyanın icarəsinə verilməyib", - o bildirib.

Brüsseldə Avropa Siyasi Mərkəzinin analitiki Amanda Polun (Amanda Paul) fikrincə, Hillari Klintonun səfəri mühüm önəm daşıyır, eləcə də ona görə ki, o, regionun yeni müharibənin başlaması təhlükəsi qarşısında qaldığı dövrdə həyata keçirilib.

Politoloqun fikrincə, ABŞ və ATƏT-in Minsk qrupunun digər üzvləri münaqişə tərəflərinin rəhbərliyinə irəliləyişin əldə olunması üçün təzyiqləri davam etdirməli, eyni zamanda, liderləri öz xalqlarını dinc nizamlanmanın əldə olunması üçün vacib  güzəştlərə hazırlamağa inandırmaları vacibdir.

Cənubi Qafqaz üzrə ekspert Maykl Günter (Michael Gunter) hesab edir ki, ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ABŞ-ın orada yaranmış vəziyyətdə maraqlı olduğunu göstərsə də, təəssüf ki, Dağlıq Qarabağ məsələsi həlledilməz problem kimi görünür.

"Mən nəinki Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilmə imkanlarını, hətta bu məsələdə irəliləyişin olacağını belə görmürəm", - Trend-ə elektron poçtla amerikalı ekspert, ABŞ Tennes Texnologiya Universitetinin siyasi elmlər professoru Günter deyib.

Musabəyovun fikrincə, irəliləyiş haqda danışmaq üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı son hadisələrin və prezidentlərin son bəyanatlarının zaman axarında yoxlanışa ehtiyacı var.

"Bu münaqişənin nizamlanması Rusiya ssenarisi əsasında getməyəcək, lakin digər tərəfdən, dövlətlərin bu məsələdə rəqabəti münaqişənin həllinə kömək etməyib. Odur ki, Klintonun regiona etdiyi səfərdən praktik nəticələr gözləmək lazımdır", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti