Rusiya, Moskva, 23 sentyabr /Trend, müxbir A.Qasımova/
Ermənistan-Azəbaycan münaqişəsi məsələsində beynəlxalq ictimai rəy Azərbaycanın tərəfindədir. Dumanın MDB işləri üzrə komitəsinin rəhbəri Aleksey Ostrovski bu fikirdədir.
"Bütün dünya, o cümlədən Rusiya Federasiyası da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir", - Ostrovski cümə axşamı Moskvada Cənubi Qafqaz ölkələrindən olan jurnalistlərlə görüşündə bildirib.
"Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı olan Rusiyadan başqa heç kim Dağlıq Qarabağ problemini nizamlamağa cəhd göstərmir, belə ki, hər iki tərəf Moskvanın strateji tərəfdaşlarıdır", - Ostrovski Trend-in müxbirinin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Yerevan və Bakı özləri bunu istəmədikcə Rusiya bu münaqişəni həll edə bilməz. "Rusiya aktiv şəkildə münaqişə tərəflərini barışdırmağa çalışır. Rusiya rəhbəri Bakı və Yerevanı barışdırmağa səy göstərir və bunu Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya tərəfinin təşəbbüsü ilə keçirilən görüşləri sübut edir", - o bildirib.
Ostrovski təəssüflə qeyd edib ki, problemin nizamlanması üçün maneə iki ölkənin ictimaiyyətidir. "Ermənistan daxilindəki nüfuzlu qüvvələr heç vaxt işğal olunmuş ərazilərin və Dağlıq Qarabağın qaytarılmasına razı olmayacaqlar. Öz növbəsində, Bakı da heç vaxt güzəştə getməyəcək", - o bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.