...

Azərbaycanın hakim partiyası ATƏT-in qiymətləndirici missiyasının zəruri olan bir sıra əhəmiyyətli faktları ortaya qoyacağına inanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2010 18:29 (UTC +04:00)
Güman edirəm ki, obyektiv olaraq həyata keçirilən faktaraşdırıcı missiya bütövlükdə münaqişənin ədalətli həlli üçün zəruri olan bir sıra əhəmiyyətli faktları ortaya qoya biləcək.
Azərbaycanın hakim partiyası ATƏT-in qiymətləndirici missiyasının zəruri olan bir sıra əhəmiyyətli faktları ortaya qoyacağına inanır

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası ATƏT-in qiymətləndirici missiyasının Azərbaycanın işğal olunmuş bölgələrində araşdırmalar aparmasını vacib sayır.

"ATƏT-in qiymətləndirici missiyasının Azərbaycanın işğal olunmuş bölgələrində araşdırmalar aparması kifayət qədər gərəkli və əhəmiyyətli bir aksiyadır. Güman edirəm ki, obyektiv olaraq həyata keçirilən faktaraşdırıcı missiya bütövlükdə münaqişənin ədalətli həlli üçün zəruri olan bir sıra əhəmiyyətli faktları ortaya qoya biləcək", - Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında partiyanın sədr müavini Əli Əhmədov deyib.

Əhmədov bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan tərəfindən məskunlaşdırılma, orada kənar insanların yerləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur.

"Bu barədə Azərbaycan dəfələrlə müvafiq beynəlxalq qurumlara və instansiyalara, o cümlədən də ATƏT-in Minsk qrupuna müraciətlər edib. İşğal altında olan torpaqlarının yararsız hala salınması, bu ərazilərin dağıdılması faktları aşkar olunub ki, bu barədə də Azərbaycan müvafiq şəkildə öz etirazını müvafiq instansiyalara bildirib. Bütün bunların hamısının ortaya qoyulması, mənzərənin aydın şəkildə təsəvvür edilməsi üçün bu faktaraşdırıcı missiyanın öz işini həyata keçirməsi çox vacibdir. Bu faktlar bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini ən xoşagəlməz formalarda həyata keçirdiyindən xəbər verəcək, reallığı ortaya qoyacaq, digər tərəfdən, ATƏT-in Minsk qrupunun ədalətli qərar qəbul etməsi üçün çox əhəmiyyətli faktoloji baza yarada biləcək", - YAP rəsmisi vurğulayıb.

Əhmədov hesab edir ki, bu missiya bütövlükdə Minsk qrupunun nizamasalma prosesinə əhəmiyyətli kömək edəcək, eyni zamanda, Ermənistan tərəfinin bəhanələrinə, çox müxtəlif təxribatlarına arqumentli şəkildə cavab verəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti