...

Azərbaycanın hakim partiyası Avropa Parlamentinin sədrini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe bildirməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2010 14:31 (UTC +04:00)
Avropa Parlamentinin sədri Eji Buzek Dağlıq Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəbul edib-etmədiyini bildirməlidir.
Azərbaycanın hakim partiyası Avropa Parlamentinin sədrini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe bildirməyə çağırıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentinin sədri Eji Buzek Dağlıq Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəbul edib-etmədiyini bildirməlidir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

"Əgər Parlamentin sədri başqa mövqe ortaya qoyarsa, o zaman onun nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qəribə sayılmaz", - o, deyib.

Əhmədov bildirib ki, Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanun qəbul olunmalıdır.

"Həmin qanun layihəsində işğal olunmuş ərazilərin hüquqi statusu müəyyənləşdirildikdən sonra beynəlxalq təşkilatların Dağlıq Qarabağa necə və hansı qaydada səfər etmələri orada öz əksini tapa bilər. Belə olan halda, Azərbaycan Parlamenti qaydaları pozanlara qarşı sanksiya tətbiq edə bilər", - Əhmədov bildirib.

Ermənistan KİV-i xəbər verir ki, Avropa Parlamentinin deputatı, Ermənistan üzrə məruzəçisi Tomaş Porebu dekabrın 19-dan Dağlıq Qarabağda səfərdədir, orada tanınmamış "respublikanın" rəhbərliyi ilə görüşlər keçirir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri, regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti