...

Slovakiya XİN Dağlıq Qarabağa sahibkarların "nümayəndə heyəti"nin səfər etməsi barədə məlumatı təkzib edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2011 17:07 (UTC +04:00)
Slovakiya Xarici İşlər Nazirliyi Slovakiya, Çexiya və Avstriya sahibkarlarından ibarət "nümayəndə heyəti"nin Dağlıq Qarabağa səfər etməsi ilə bağlı məlumatı təkzib edir.
Slovakiya XİN Dağlıq Qarabağa sahibkarların "nümayəndə heyəti"nin səfər etməsi barədə məlumatı təkzib edir

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Slovakiya Xarici İşlər Nazirliyi Slovakiya, Çexiya və Avstriya sahibkarlarından ibarət "nümayəndə heyəti"nin Dağlıq Qarabağa səfər etməsi ilə bağlı məlumatı təkzib edir. Trend-in məlumatına görə, bu barədə Slovakiyanın Rusiyadakı səfirliyi məlumat verib.

"2011-ci il fevralın əvvəlində Rusiya, Azərbaycan və Ermənistan KİV-də Slovakiya, Çexiya və Avstriya sahibkarlarından ibarət "nümayəndə heyəti"nin Dağlıq Qarabağa səfəri ilə bağlı informasiyanın dərc edilməsi ilə əlaqədar olaraq, Slovakiyanın Rusiyadakı səfirliyi bildirir ki, Slovakiya vətəndaşı Aşot Qriqoryanın təşkil və rəhbərlik etdiyi sahibkarlar qrupunun səfəri müstəsna olaraq onun şəxsi təşəbbüsü olub", - səfirliyin press-relizində deyilir.

"Buna görə də Qriqoryanın səfərin güman edilən rəsmi xarakteri və Dağlıq Qarabağda layihələrin "Slovakiya Eksimbank"ı tərəfindən birgə maliyyələşdirilməsi ilə bağlı Yerevanda mətbuut konfransında verdiyi informasiya həqiqətəuyğun deyil", - məlumatda qeyd edilib.

"Slovakiyanın Dağlıq Qarabağ məsələsi üzrə rəsmi mövqeyi dəyişməzdir və beynəlxalq hüquq və BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipinə əməl etməkdən irəli gəlir", - ölkə səfirliyinin məlumatında bildirilir.

"Enerjikonsaltinq" şirkətinin direktoru Aşot Qriqoryanın sözlərinə görə, Avropa investorları separatçı Dağlıq Qarabağ ərazisində 15 kiçik su elektrik stansiyası tikməyi planlaşdırırlar. O, bu barədə fevralın 4-də Yerevanda mətbuat konfransında məlumat verib. Məlumatı ARKA agentliyi yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti