...

Xocalı faciəsinin 19-cu il dönümü Birləşmiş Ərəb Əmirliklərində qeyd olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2011 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Hacıyev/

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirə dəvət olunan müxtəlif xalqların nümayəndələrinin - ərəblər, türklər, Avropa və digər xalqların diasporlarının təmsilçilərinin diqqətinə 19 il öncə Xocalı şəhərində törədilmiş vəhşiliklərin erməni qəsbkarlarının son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsi olduğu çatdırılıb.

Cəmiyyətin sədri Samir İmanov öz çıxışında bildirib ki, 1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 150 nəfər itkin düşüb. Qətlə yetirilənlərin 83-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca olub. 70 ailənin bütün üzvləri qətliama məruz qalıb. Soyqırım zamanı 487 Xocalı sakini yaralanıb. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

İmanov qeyd edib ki, bir gecənin içində Xocalı şəhəri yerlə-yeksan edilib. Cəmiyyət sədri deyib ki, Xocalı soyqırımını XX əsrin ən böyük faciəsi adlandıran və onu dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulayan ümummilli lider Heydər Əliyevin soyqırım həqiqətlərinin araşdırılıb onlara hüquqi qiymət verilməsində tarixi rolu olub. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Parlamentinin 1994-cü il fevralın 24-də keçirilən iclasında Xocalıda törədilmiş vəhşiliklərə soyqırım statusu verilib və hər il fevralın 26-nın hüzn günü kimi qeyd edilməsi qərara alınıb.

Natiq vurğulayıb ki, 19 il ərzində bu dəhşətli hadisənin dünyada tanıdılması məqsədilə Azərbaycan dövləti və xalqı çox işlər görüb, müxtəlif dillərdə kitablar, broşürlər çap edilərək beynəlxalq təşkilatlara, parlamentlərə, dövlət rəhbərlərinə, dünya xalqlarına göndərilib, filmlər hazırlanıb, internet saytları yaradılıb. O, əlavə edib ki, hətta Beynəlxalq İnsan Haqları Komitəsi bu soyqırım aktının bəşər tarixində ən dəhşətli qətliamlardan biri olduğunu təsdiq edib.

"Lakin dünya birliyi hələ də ədalətsiz yanaşmasını davam etdirərək, Xocalı faciəsini soyqırım kimi tanımayıb" deyən cəmiyyət sədrinin sözlərinə görə, ermənilərin Xocalı şəhərində törətdiyi qəddarlıq aktı Azərbaycan xalqına qarşı əsl soyqırım siyasətinin tərkib hissəsidir və beynəlxalq təşkilatların indiyədək insanlığa yönəlmiş belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməməsi təəssüf doğurur.

"Dünya azərbaycanlıları hesab edirlər və tələb edirlər ki, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqlarının tezliklə geri qaytarılması uçun birlikdə çalışmalı və erməni tərəfini buna məcbur etməlidir", - İmanov vurğulayıb.

Sonra qonaqlara ermənilərin Qarabağda törətdikləri vandallıqlardan, qırğınlardan bəhs edən sənədli film təqdim olunub.

Tədbirin keçirildiyi salonun girişində Xocalı qətliamından bəhs edən fotosərgi də təşkil olunub. Eləcə də Xocalıda və Qarabağda törədilmiş erməni vəhşiliyini əks etdirən müxtəlif dillərdə kitablar qonaqlara hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti