...

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri konkret nəticələr verə bilər - Azərbaycan deputatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2011 16:46 (UTC +04:00)
Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gözlənilən səfərinə münasibət bildirərkən deyib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri konkret nəticələr verə bilər - Azərbaycan deputatı

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir T.Hacıyev/

Həmsədrlərin regiona gözlənilən növbəti səfəri konkret nəticələr verə bilər. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gözlənilən səfərinə münasibət bildirərkən deyib.

"Son zamanlar baş verən hadisələr, yəni həmsədrlərin sahə qiymətləndirmə missiyasının hesabatı və digər məsələlər həmin beynəlxalq təşkilatın artıq bu problemə münasibətində bir konkretliyin ortaya qoyulmasından xəbər verir. Mən inanıram ki, bunlar nəticəsi olacaq bir missiyadır. Bu missiyanın nəticəsinin olması Ermənistan tərəfini çox narahat edir. Mən bunun konkret nəticəsinin olacağına inanıram", - Aslanova əlavə edib.

Onun sözlərinə görə, həmsədrlərin mövqelərində aktivliyin hiss olunması Azərbaycanın beynəlxalq aləmdə getdikcə güclənən mövqeyi ilə də bağlıdır.

"Azərbaycanın dünyada artan mövqeyi, Azərbaycanın xarici siyasət sahəsində apardığı tarazlaşdırılmış və çox dəqiq siyasəti, Azərbaycana dünya ölkələrinin marağı, Cənubi Qafqazda sakit, sabit ölkə olaraq öz mövcudluğunu uğurla davam etdirməsi və milli suverenliyini qorumaq bacarığı Azərbaycanı dünya üçün çox cazibədar dövlətə çevirir və dünya ölkələrinin Azərbaycan haqqında olan təsəvvürlərinə əhəmiyyətli dəyişikliklər edir. Bu gün Azərbaycanın həm Şərq, həm də Qərblə bərabər tərəfdaşlıq siyasəti aparması bir daha onu göstərir ki, Azərbaycan çox etibarlı bir tərəfdaşdır. Buna görə də Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyinə dəstək verən ölkələrin sayı gündən-günə artır", - o bildirib.

Millət vəkili hesab edir ki, beynəlxalq təşkilatların da mövqeyində olan əhəmiyyətli dəyişikliklər göz qarşısındadır. Aslanova onu da bildirib ki, beynəlxalq hüquq normalarının bu məkanda gerçəkləşməsi üçün beynəlxalq təşkilatlar özləri maraqlı olmalıdırlar.

"Bunun əsas səbəbi odur ki, beynəlxalq təşkilatlar belə konfliktlərlə əlaqədar olaraq öz acizliklərini ortaya qoyduqda özlərinin sabahı üçün, öz varlıqları üçün təhlükə yaradırlar. Təsadüfi deyil ki, bu gün bir sıra beynəlxalq təşkilatlar özlərinin bu səhnədə qalması üçün məsələyə konkret mövqe bildirməlidirlər. Əks təqdirdə, həmin məkana daxil olan ölkələrdə bu qurumun acizliyi barədə fikirlər yaranır. Sözsüz ki, öz varlığını davam etdirmək istəyən beynəlxalq təşkilat mütləq burada öz mövqeyini bildirməlidir. Bu, onun ilk növbədə beynəlxalq nüfuzudur və öhdəlikləridir. ATƏT-in Minsk qrupu, 1992-ci ildən bu günə qədər böyük yol gəlmiş, hələ də özünü doğrultmamış bir qurum ya məsələnin həlli ilə əlaqədar konkret mövqe nümayiş etdirməlidir ya da yəqin ki, onun sonu ola bilər. Nüfuzdan düşmüş və öz missiyasını yerinə yetirə bilməyən bir qurumda olmaq həmsədr dövlətlərə şərəf gətirən bir məsələ deyil", - o vurğulayıb.

Sonda millət vəkili onu da bildirib ki, Azərbaycan xalqı münaqişəni özü həll etmək iqtidarındadır, ancaq hələ də beynəlxalq birliyin bu məsələdə öz mövqeyini ortaya qoyacağına və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına inam var.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti