...

Azərbaycanlı alimin Qarabağla bağlı kitabı Fransada nəşr olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2011 11:34 (UTC +04:00)
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müəllimi, Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Fazil Zeynalovun "Dağlıq Qarabağ münaqişəsi: ədalətli sülh, yoxsa qaçılmaz müharibə" kitabı Fransanın məşhur "L'Harmattan" nəşriyyatında çap edilib.
Azərbaycanlı alimin Qarabağla bağlı kitabı Fransada nəşr olunub

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müəllimi, Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Fazil Zeynalovun "Dağlıq Qarabağ münaqişəsi: ədalətli sülh, yoxsa qaçılmaz müharibə" kitabı (fransızca) Fransanın məşhur "L'Harmattan" nəşriyyatında çap edilib. Trend-in məlumatına görə, bu, Fransada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv araşdırmaya söykənən ilk kitabdır.

452 səhifəlik kitab yazılarkən müxtəlif dillərdə olan çoxsaylı mənbələrə müraciət edilib, xüsusilə fransız, ingilis, rus, türk, Azərbaycan dillərində olan qədim və müasir mənbələrdən geniş istifadə olunub. Kitab 10 fəsildən ibarətdir və münaqişənin bütün aspektləri - tarixi, geosiyasi və hüquqi - işıqlandırılıb. Müəllif tərəfləri sülhə çağırır və kitabın adından da göründüyü kimi, ədalətli sülh regionun gələcək inkişafını təmin edə biləcək yeganə çıxış yoludur.

Müəllif kitabda Dağlıq Qarabağın qədim dövr tarixini qədim alban tarixşünaslığının əsas mənbələri, orta əsr ərəb mənbələri, XIX-XX əsr rus şərqşünaslığının aparıcı nümayəndələrinin, görkəmli Azərbaycan tarixçilərinin əsərlərindən bəhrələnərək ətraflı araşdırıb. Kitabda Qafqaz Albaniyasının əyalətlərindən biri olan "Arsaxın" (Qarabağ) etno-siyasi cəhətdən Azərbaycanın ayrılmaz hissəsi olduğu və onun erməniləşdirilməsinin qeyri-obyektivliyi göstərilir. Müəllif nüfuzlu mənbələrə istinadən bildirir ki, Arsaxın yerli əhalisini Qafqaz albanları təşkil edib. Sonradan ermənilərin lehinə dəyişmiş etnik balans isə XIX əsrin əvvəllərində rus imperiyasının regional dayaqlarının möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi köçürmə siyasəti nəticəsində formalaşıb. Bu siyasətin nəticəsində uzun müddət qarşılıqlı anlaşma mühitində yaşayan azərbaycanlılar və ermənilər arasında etnik nifaq alovlanıb. 1905 və 1918-ci illərdə bu xalqlar arasında yaranan münaqişələrin kökündə də məhz bu amillər dayanır.

Münaqişə tərəflərinin arqumentləri müəllif tərəfindən müqayisəli şəkildə geniş təhlil edilib və onların hüquqi və tarixi aspektlərinə aydınlıq gətirilib. 1919-cu il avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi və 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-nin tərkibində muxtariyyət statusunun verilməsi kontekstləri geniş tədqiq edilib. Müəllif 1991-ci ildən sonra baş verən prosesləri siyasi və hüquqi müstəvidə araşdırıb, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası xarakterini, Dağlıq Qarabağ erməni milli azlığının separatçılıq tendensiyalarının təbiətini təhlil edib.

Regional geosiyasi mühit, böyük güc dövlətlərinin regiondakı maraqları, mövcud siyasi proseslər təqdim olunub və onların münaqişənin həllinə göstərdikləri təsirin xarakteri şərh edilib.

Kitabda Dağlıq Qarabağ probleminin həlli istiqamətində həyata keçirilən sülh prosesinə geniş yer verilib və münaqişənin kompromis əsasında beynəlxalq hüququn prinsip və normalarına uyğun həll edilməsi bir zərurət kimi göstərilib. Bu isə tərəflərin təyin etdiyi ilkin məqsədlərdən geri çəkilərək ümumi ortaq məxrəc əsasında sülhə nail olunmasını şərtləndirir. Bu kitab vəziyyətin obyektiv qiymətləndirilməsi, hadisələrin bütün mümkün inkişaf ssenarilərinin proqnozlaşdırılması və gələcək ədalətli çıxış yollarının axtarılması işinə mühüm töhfə kimi qiymətləndirilə bilər. Kitab ingilis və rus dillərinə tərcümə olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti