...

Azərbaycanlı deputatın hazırladığı hərbi münaqişələrə dair məruzə AŞPA-ya təqdim olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2011 13:53 (UTC +04:00)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı "Hərbi münaqişələr və ətraf mühit" adlı məruzə qurumun ümumi müzakirəsinə çıxarılacaq. Bu barədə Trend-ə çərşənbə axşamı millət vəkili özü məlumat verib.
Azərbaycanlı deputatın hazırladığı hərbi münaqişələrə dair məruzə AŞPA-ya təqdim olunacaq

Trend-i buradan izləyin

Fransa, Strasburq, 21 iyun /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı "Hərbi münaqişələr və ətraf mühit" adlı məruzə qurumun ümumi müzakirəsinə çıxarılacaq. Bu barədə Trend-ə çərşənbə axşamı millət vəkili özü məlumat verib.

O, qeyd edib ki, son aylarda bu məruzə AŞPA-nın Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsində bir neçə dəfə müzakirə edilib, həmin diskussiyaların bir qisminə mövzu üzrə ekspertlər də cəlb edilib. Həmin məruzədə həm üzv dövlətlərin ərazisindəki, həm də bütövlükdə dünyanın digər ölkələrindəki qaynar nöqtələr tədqiq edilir, hərbi münaqişələrin ekologiyaya vurduğu zərərin miqyasları haqqında dolğun təsəvvür verilir, bu sahədəki hüquqi baza haqqında yetərincə məlumat verilməklə yanaşı, həmin mexanizmlərin təkmilləşdirilməsi məsələsinə də diqqət yönəldilir.

Məruzənin təqdimatında Rafael Huseynov Ermənistanın Azərbaycana təcavüzünün ətraf mühitə vurduğu ölçüyəgəlməz fəsadların təfərrüatlarından bəhs edib.

"Dünyanın istənilən bölgəsində baş verən, böyük-kiçikliyindən asılı olmayaraq hər bir müharibə, hər bir hərbi münaqişə ən ağır zərbələrindən birini təbiətə vurur. Avropa Şurasına üzv olan 47 dövlət arasında hərbi münaqişələrin təbiətə vurduğu ziyandan ən çox əziyyət çəkən Azərbaycandır. Ermənistanın 1988-1993-cü illərdə zəbt etdiyi 1,7 milyon hektar ərazidə 247352 hektar meşə sahəsi, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdı. Bir hissəsi silahlı toqquşmalar zamanı yox edilmiş həmin sərvətlərin qalan hissəsi də işğal olunmuş ərazilərdə məskunlaşan və gec-tez bu yerlərdən onsuz da çıxmalı olacağını yaxşı anlayan ermənilər tərəfindən sistemli şəkildə talan və məhv edilmişdir, həmin dağıdıcı fəaliyyətlər bu gün də davam edir", - millət vəkili bildirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, Avropa Şurası bir sıra beynəlxalq təşkilatlarla birlikdə gələcəkdə bəşəriyyəti narahat edə biləcək ən ümdə məsələlərdən olan su problemini araşdırır, elə həmin qəbildən olan böyük bir forum da AŞPA-nın yay sessiyası ərəfəsində keçirildi.

Hüseynov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır.

"Bu ərazilərdəki irili-xırdalı 7 relikt göl - Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır. İşğal altındakı ərazilərdən keçərək Azərbaycanın digər ərazilərinə daxil olan çaylar mütəmadi şəkildə zəhərli və zərərli kimyəvi, bakterioloji tullantılarla çirkləndirilir", - o deyib.

Hüseynov habelə atəşkəs dövründə Ermənistanın Azərbaycan ekologiyasına vurduğu ziyandan bəhs edib.

"1994-ci ildən Ermənistanla Azərbaycan arasında atəşkəs elan edilsə də, buna müəyyən şərtiliklə əməl olunsa da, Azərbaycan ekologiyasına qarşı Ermənistan ən qəddar və sərt şəkildə açıq müharibəsini bir an da dayandırmadan aparır. Uzun illər boyu sürəcək ekoloji fəlakətlər vəd edən belə halların qarşısını almaq üçün Avropa Şurası da öz növbəsində qüvvələrini səfərbər etməlidir", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti