Azərbaycan, Bakı, 24 iyun /Trend/
ABŞ, Avropa İttifaqı və Rusiya son vaxtlar çox şeydə razılığa gələ bilmirlər. Lakin qeyri-sabit Qafqazı müzakirə edən zaman hər üçü razılaşır ki, ölkələr ciddi şəkildə Dağlıq Qarabağda çoxillik münaqişənin dinc yolla həllini istəyirlərsə, Ermənistan və Azərbaycan cümə günü saziş imzalamalıdırlar. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa proqramları direktoru Sabina Freyzer "The New York Times"dakı məqaləsində yazır.
Prezident Dmitri Medvedev cümə günü Ermənistan və Azərbaycan liderlərini Kazana dəvət edib və ümid edir ki, onlar 2007-ci ildən bəri müzakirə edilən baza prinsipləri mətninin altına imzalarını atacaqlar. Bu barədə "İnoSmi" yazır. Bu görüş Medvedev və Qafqaz liderləri üçün doqquzuncu görüş olacaq.
Çoxları üçün razılaşma kiçik nailiyyət kimi görünür. Lakin saziş onun sonu yox, uzun prosesin başlanğıcıdır. Medvedev tərəfləri imzalamağa məcbur edə bilsə, saziş münaqişəli vəziyyətin həllində mühüm addım, eləcə də Rusiya liderlərinin fəaliyyətinin ardıcıllığının sübutu olacaq.
Hamı görüşün uğurla başa çatacağını deyir. Mayda Dovildə "Böyük səkkizliy"in sammitindən sonra mətbuat konfransında prezidentlər Obama, Medvedev və Sarkozi, münaqişənin həllinə görə məsul olan Minsk qrupunun üzvləri, Kazan görüşünün əhəmiyyətini qeyd ediblər və təxirəsalmadan işə başlamağı tələb ediblər.
Vaxt başa çatmaq üzrədir, belə ki, bu payız regionda və Minsk qrupu ölkələrində 2012 və 2013-cü illər seçkilərinə hazırlığa başlanacaq, bu isə bəzilərinin proqramını çətinləşdirə, digərlərinin isə məsələnin həllini təxirə salmağa məcbur edə bilər.
Uzun müddətdir Dağlıq Qarabağa etinasız yanaşılır. 16 il bundan əvvəl atəşkəs haqqında müqavilə imzalanandan sonra regionu tez-tez "dondurulmuş münaqişə" zonası kimi göstəriblər.
Sazişin imzalanması minlərlə qovulmuş insanın öz yurd-yuvalarına qayıtmasına və indi Dağlıq Qarabağda yaşayanlara zəmanət verilməsinə imkan yaradacaq. Saziş Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını, oraya beynəlxalq sülhməramlıların yerləşdirilməsini, Ermənsitan üçün təhlükəsizlik dəhlizinin yaradılmasını, köçkünlərin qayıtmasını, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini və prosesin sonuna kimi gələcək status haqqında iradənin bildirilməsi ilə bağlı vədi nəzərdə tutur.
Bu yaxşı, balanslaşdırılmış sazişdir. Lakin hər şeyi yerinə yetirmək üçün illər lazım olacaq.
Hətta sazişi nəzərə alaraq, ABŞ, Aİ və Rusiya çox işləməlidirlər ki, onun yerinə yetirilməsinə zəmanət versinlər. Ola bilsin ki, ölkələr öz üzərilərinə sülh müqaviləsinin hazırlanmasını və onun praktik tətbiqinin planlaşdırılması ilə bağlı öhdəlik götürməli olacaqlar. İşğal olunmuş ərazilər dağıdılıb, buna görə miqyaslı yenidənqurma, eləcə də beynəlxalq sülhməramlıların iştirakı tələb olunacaq. Aİ sosial, hərbi və iqtisadi yardımı operativ şəkildə göstərməli olacaq. Kazanda saziş imzalanandan sonra əməli hərəkətlər olmasa, beynəlxalq ictimaiyyət onların yerinə yetirilməsini dəstəkləməsə, görüşün nəticələri iflasa uğraya bilər.
Prezidentlər sazişi imzalamasalar, beynəlxalq qrup hər şeyi yenidən başlamalı olacaq. Sərhədyanı regionlarda zorakılığın səviyyəsini nəzərə alaraq, ABŞ, Aİ və Rusiya hadisələrin bu cür cərəyan etməsinə imkan verə bilməz.