...

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tam şəffaflıq problemin dinc yolla həllinə stimul verəcək - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2011 12:13 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi öz inhisarına almış ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi, təyinatları və iş metodları qüsurludur.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tam şəffaflıq problemin dinc yolla həllinə stimul verəcək - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi öz inhisarına almış ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi, təyinatları və iş metodları qüsurludur. 20 il ərzində heç bir nəticənin olmamasının əsas səbəbi vasitəçilərdir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

"Vasitəçilərin davranışı tam ziddiyyətlərdən ibarətdir: bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi regionunda mövcud vəziyyəti güc tətbiqinin nəticəsi kimi rəsmən dəyərləndirən vasitəçilər, digər tərəfdən indi güc tətbiqinin əleyhinədirlər. Belə alınır ki, gücün müəllifinin kimliyi hər şeyi həll edir. Ermənistan güc tətbiq edə bilər, Azərbaycan isə yox. Digər tərəfdən münaqişənin tənzimlənməsində qapalı danışıqlara üstünlük vermək də münaqişənin dinc yolla tənzimlənməsinə deyil, müharibənin başlanmasına şərait yaradır", - Əhmədoğlu bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan və Azərbaycan gənc müstəqil dövlətlərdir və hər iki ölkənin pulu xərcləməyə daha zəruri yerləri var. Amma vasitəçilər buna imkan vermirlər.

"Dildə sülh deyə-deyə, əslində, yeni müharibənin başlanmasına şərait yaradırlar. Kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanundur. Bu iki dövlətdə yığılan silahların kəmiyyəti münaqişə regionunda keyfiyyəti müəyyən edəcək. Həmsədrlər bunu bildiyi halda qarşısını almır. Son günlər həm Azərbaycan, həm də Ermənistan tərəfdən danışıqların mahiyyəti ilə bağlı xeyli məlumatlar aşkarlandı. Ermənistan tərəfinin dedikləri nəinki Azərbaycanın dedikləri ilə, hətta özlərinin dedikləri ilə ziddiyyət təşkil edir. Bu vaxtadək belə hallar dəfələrlə təkrar olunsa da, vasitəçilər münasibət bildirməməklə danışıqlar prosesini daha da mürəkkəbləşdiriblər", - o deyib.

Əhməoğlu əlavə edib ki, həmsədr ölkə prezidentlərinin Akvil, Muskok, Dovil bəyanatlarında dəstəklədikləri tənzimləmə variantının açıqlanması Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün həyati zərurətdir. Bu, münaqişənin tənzimlənməsində qısa müddətli ajiotaj yaratsa da, gələcəkdə Azərbaycan və Ermənistan cəmiyyətlərinin barışmasının bünövrəsini qoyacaq. Azərbaycan dini və mili baxımdan kifayət qədər tolerant cəmiyyətdir. Ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneçilik edənlərin arqumentləri kifayət qədər zəifləyəcək.

"Öz əhalisinə işğal etdiyi bütün ərazilərin tarixən ermənilərə məxsusluğunu əsaslandıran erməni siyasətçiləri də az sonra çətin sualların qarşısında aciz qalacaqr. 16 min kvadratkilometr işğal altında olan ərazinin 12 min kvadratkilometrini Azərbaycana qaytaran, 4 min kvadrat kilometr ərazinin taleyini, ermənilərin təbirincə, sual işarəsi altında qoyan erməni rəhbərliyi erməni xalqına 16 kvadratkilometr Laçın dəhlizi uğrunda "amansız mübarizəni" əsaslandıra bilməyəcək", - o bildirib.

Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətini vaxtı ilə güc tətbiqinin nəticəsi hesab edirlər və bunu dəyişməyə çalışırlar. Belə şəraitdə vasitəçilərin Dağlıq Qarabağa müstəqilliyin verilməsini əsaslandırması da absurddur.

"Şəffaflıq hətta ayrı-ayrı həmsədr ölkələrin verdiyi təkliflərə də nüfuz etməlidir. Azərbaycanda və Ermənistanda bilməlidirlər ki, ABŞ və Rusiya hansı təklifin müəllifidir və ya hansı təklifin əleyhinədir. Bu, həmsədr ölkələrin ikibaşlı oyunlarının qarşısını ala bilər. Bəlkə Rusiyanın yox, ABŞ-ın aktivləşməsinə daha çox zərurət yaranacaq. Münaqişə tərəfləri kimin onların maraqları üçün daha çox çalışdığını bilməlidir. Şəffaflıq olan yerdə həmsədr ölkələr bir-birinə qarşı səmimi olacaqlar, münaqişənin tənzimlənməsini geosiyasi poliqona çevirməyəcəklər. Fələstin danışıqlarının da mahiyyəti sübut edir ki, danışıqlar prosesindəki şəffaflıq gizliliyə nisbətən daha faydalıdır. Aland, Tirol və Triest modelləri də gizli yox, şəffaf müzakirələrin nəticəsində təqdim olunub. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki şəffaflıq müharibədən yayınmağın vasitələrindən biri ola bilər", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti