...

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq qurumları erməni icmasının görüşə gətirilməsinə vasitəçilik etməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2011 11:29 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq qurumları Dağlıq Qarabağın erməni icmasının görüşə gətirilməsinə vasitəçilik etməyə çağırır.
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq qurumları erməni icmasının görüşə gətirilməsinə vasitəçilik etməyə çağırır

Azərbaycan, Bakı, 16 dekabr / Trend müxbir M.Əliyev/

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq qurumları Dağlıq Qarabağın erməni icmasının görüşə gətirilməsinə vasitəçilik etməyə çağırır. Bunu Trend-ə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyin üzvü Rövşən Rzayev bildirib.

"Bu istiqamətdə bütün imkanlardan istifadə edirik. Bizə mümkün qədər çox dəstək lazımdır ki, həmin insanlar görüşə gəlsinlər", - o deyib.

Rzayev qeyd edib ki, icmalar köhnə münasibətlərdən, yaşlı nəsildən, xoş düşüncəli insanlardan istifadə edib problemin aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icmasının növbəti görüşünün gələn il yanvarın sonları - fevralın əvvəllərində Rusiyanın paytaxtı Moskvada keçirilməsi nəzərdə tutulub.

Rzayev bildirib ki, icmaların görüşü noyabr ayının sonunda təşkil olunmalı idi, lakin Rusiyada seçkilərin keçirilməsi səbəbi ilə ertələnib.

Noyabrın sonunda Berlində keçirilən tədbirdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü keçirilməli idi. Lakin erməni icmasının nümayəndələri görüşdə iştirakdan imtina etdilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti