...

Beynəlxalq birlik Yerevanı sülh sazişi üzərində işləməyə məcbur etməlidir – XİN (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 12:03 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:32-də yayılıb)

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir S.Ağayeva /

Rəsmi Bakı ümid edir ki, beynəlxalq birlik Yerevanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh sazişi üzərində işləməyə məcbur edəcək. Bu barədə Azərbaycan XİN-in 2011-ci ilin yekunları üzrə hesabatında deyilir. Hesabat bazar ertəsi nazirliyin mətbuat xidməti tərəfindən yayılıb.

Hesabatda deyilir ki, Azərbaycan ümid edir ki, beynəlxalq ictimaiyyət daha qətiyyətli və ardıcıl mövqedən çıxış edəcək və Ermənistanı regionda uzunsürən sülhün və təhlükəsizliyin qurulmasına gətirib çıxaracaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son sülh sazişi üzərində işləməyə məcbur edəcək.

"2011-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə danışıqlar davam etdirilib. İl ərzində davam etmiş danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edib", - hesabatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti