...

Dağlıq Qarabağın azərbaycanlı icması: Xocalı aeroportundan hər hansı təyyarə qalxarsa, Azərbaycan dövləti adekvat cavab verəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2012 14:48 (UTC +04:00)
Xocalı aeroportundan hər hansı təyyarə qalxarsa, Azərbaycan dövləti adekvat cavab verəcək. Ancaq Ermənistan və onun prezidenti nəzəri baxımdan bunu dərk etmirsə, təbii ki, burada praktiki addımlar atıla bilər.
Dağlıq Qarabağın azərbaycanlı icması: Xocalı aeroportundan hər hansı təyyarə qalxarsa, Azərbaycan dövləti adekvat cavab verəcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Xocalı aeroportundan hər hansı təyyarə qalxarsa, Azərbaycan dövləti adekvat cavab verəcək. Ancaq Ermənistan və onun prezidenti nəzəri baxımdan bunu dərk etmirsə, təbii ki, burada praktiki addımlar atıla bilər. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyinin bəyanatında deyilir.

"Son vaxtlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yerləşən aeroportu yenidən inşa edərək istifadə edəcəyi barədə xəbərlər yayılmaqdadır. Verilən məlumatlara görə, Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri yaxın günlərdə Xocalı aeroportunda ilk texniki uçuş keçirəcəklərini bildiriblər. Bununla yanaşı, ermənilər Ermənistan Prezidenti Serj Sarkisyanın Yerevan-Xocalı-Yerevan reysinin ilk sərnişini olacağı barədə vədini tez-tez xatırladırlar. Azərbaycan dövləti bu məsələyə bütün səviyyələrdə dəfələrlə etiraz edib, xüsusilə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport açmaq istiqamətində atdığı addımlarla əlaqədar BMT baş katibinə ünvanladığı məktubda BMT üzvü olan ölkələri qondarma "Stepanakert aeroportu"nun Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərdiyi, oradan həyata keçirilən bütün növ uçuşların qeyri-qanuni olduğu və Azərbaycanla Ermənistanın üzv olduğu ICAO-nun prinsiplərini pozduğu barədə xəbərdar edib. Son günlərdə isə Azərbaycanın qanuni olaraq atacağı addımlara Ermənistan və qondarma rejimin nümayəndələri tərəfindən hədələr irəli sürülüb", - bəyanatda bildirilir.

Bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuş bu təşəbbüslər "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin iclasında geniş müzakirə olunub və qətiyyətlə pislənib. Ermənistanın Xocalı aeroportunu istifadəyə verməyə və işğal etdiyi Azərbaycanın əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması Azərbaycan Respublikasının Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, aviasiya normalarına da ziddir.

"Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Hesab edirik ki, Ermənistanın mövcud status-kvonu imkan qədər uzatmaq və öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə müxtəlif vaxtlarda işğal etdiyi Azərbaycan ərazilərində bir sıra tədbirlər keçirməklə oradakı cinayətkar rejimin dünya birliyi tərəfindən tanınmasına cəhd göstərir. Lakin orada tikilən hər hansı bir obyektin açılışı istər aeroport olsun, istərsə də başqa bir obyekt heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına gətirib çıxara bilməz. Çünki dünya birliyi, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər birmənalı şəkildə dəfələrlə bəyan etmişlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar", - bəyanatda deyilir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hər hansı bir fəaliyyət yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.

İcma hesab edir ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasındakı dialoq imkanlarını da heçə endirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti