...

Goranboyda mülki vətəndaşlar ermənilər tərəfdən atəşə tutulur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2013 10:21 (UTC +04:00)
Goranboy sakinləri ermənilər tərəfindən intensiv atəşə tutulub.
Goranboyda mülki vətəndaşlar ermənilər tərəfdən atəşə tutulur

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Goranboy sakinləri ermənilər tərəfindən intensiv atəşə tutulub.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xətti boyunca ermənilər yenidən aktivləşib. Atəşkəs rejiminin pozulması əsasən təmas xəttinə yaxın olan kəndlərin sakinlərini təşvişə salıb. Bu gecə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi də erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub.

Gecə saat 03:00 radələrində Tap-Qaraqoyunlu kəndi təqribən 30 dəqiqə ərzində güclü atəşə məruz qalıb. Kənd əsasən iriçaplı silahlardan və yandırıcı güllələrdən mütəmadi gülləbaran edilib. Yandırıcı güllələr kənd sakini Familə Hacıyevanın təsərrüfatının yardımçı binalarında yanğına səbəb olub.

Baş verən yanğın əvvəlcə qonşuların, sonra isə FHN-nin Goranboy və Naftalan rayonları Yanğından Mühafizə Bölməsinin şəxsi heyəti və texnikasının köməyi ilə söndürülüb.Yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Bundan əlavə, Hacıyevaya məxsus 150 ot bağlamasının bir hissəsi yanıb.

Kənd sakinləri bildirir ki, son üç gündə düşmən kəndi daha tez-tez atəşə tutur. Gülləbaran zamanı evlərin dam örtükləri zərər görsə də, xoşbəxtlikdən bu dəfə də kənddə insan tələfatı qeydə alınmayıb. Sakinlərin bildirdiklərinə görə, belə hallarda düşmən hər dəfə Azərbaycan Ordusu tərəfindən cavab atəşi ilə susdurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti