...

Mübariz Əhmədoğlu: Görüşün səmərəsiz olacağı Ermənistanın davranışından əvvəldən hiss olunurdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2013 12:49 (UTC +04:00)
"İki illik fasilədən sonra ümidlə gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü beynəlxalq ictimaiyyətdə məyusluq yaratdı".
Mübariz Əhmədoğlu: Görüşün səmərəsiz olacağı Ermənistanın davranışından əvvəldən hiss olunurdu

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

"İki illik fasilədən sonra ümidlə gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü beynəlxalq ictimaiyyətdə məyusluq yaratdı". Trend-in məlumatına görə, bunu cümə axşamı keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, prezidentlərin görüşü ABŞ-ın səmimi aktivliyi, Fransa və Avropanın isə passivliyi fonunda baş tutdu: "Türkiyə Dağlıq Qarabağ məsələsində özünün mövqeyini ABŞ-ın mövqeyi ilə eyniləşdirdi. RF prezidentlərin görüşünə "qalıq prinsipi" ilə yanaşdı və yaranmış vəziyyətdən istifadə edərək Ermənistanın Gömrük İttifaqına qoşulması prosesini sürətləndirdi. Bununla da Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsini yubatmağa ümid yaratdı".

M.Əhmədoğlu deyib ki, görüşün səmərəsiz olacağı Ermənistanın davranışından əvvəldən hiss olunurdu: "Birincisi, Azərbaycan Prezidenti ilə görüşdən əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər etdi. Əslində bu, beynəlxalq ictimaiyyətə tüpürmək demək idi. S.Sarkisyanın həyasızlığı və beynəlxalq ictimaiyyətin laqeydliyi ona bu addımı atmağa imkan verir. Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında Ermənistanın həmsədr ölkə prezidentlərinin 5 il əvvəl verdiyi bəyanatları qəbul etdiyini bildirdi. Rəsmi Yerevanın prezidentlərin görüşünü effektsiz etmək üçün əsas hiyləsi də burada idi".

Politoloq qeyd edib ki, əslində həmsədr ölkə prezidentləri Dağlıq Qarabağ tənzimlənməsinə dair konseptual planı 5 il deyil, 4 il bundan qabaq ortalığa qoyublar: "Akvil bəyanatı Ağ Ev tərəfindən yayıldı və Yenilənmiş Madrid Prinsipləri adlandı. 2008-ci ildə isə RF XİN həmsədr ölkə xarici işlər nazirlərinin 2007-ci ildə qəbul etdiyi variantı yaymışdı. Ermənistan Prezidenti S.Sarkisyan da erməni gəncləri ilə görüşərkən ATƏT MQ həmsədr ölkə prezidentlərinin məhz 4 il bundan qabaq və ondan üzü bəri yaydıqları bəyanatları Ermənistanın qəbul etdiyini bildirmişdi".

M.Əhmədoğlu bildirib ki, Ermənistanın 5 il və ya 4 il bundan qabaqkı bəyanatları qəbul etməsi məsələsi tamam fərqli məsələlərdir. Bu fərqləri aradan qaldırmaq Kazan görüşündə alınmadı. Beləliklə, Ermənistan ikinci dəfə iflas Kazan görüşünə bənzər görüş yaratmağa cəhd etdi.

Politoloqun sözlərinə görə, bundan başqa ABŞ dövlət katibi Con Kerrinin Serj Sarkisyana telefon zənginin məzmunu barədə ABŞ-dan və Ermənistan Prezidentinin mətbuat xidmətindən yayılan məlumatlar xeyli fərqlənir. Ermənistan Prezidentinin mətbuat xidmətinin C.Kerri ilə telefon danışığına "belə əl gəzdirməsi" də S.Sarkisyanın tənzimləməyə hazır olmadığını göstərdi: "Eyni zamanda, iki illik fasilədən sonra prezidentlər arasında aparılan danışığın cəmi 30 dəqiqə olması da danışıqların məzmunu barədə hər şeyi deyir. Görüşün səmərəsiz alınması vasitəçilərin səriştəsizliyinin və məsuliyyətsizliyinin nəticəsidir. DQ tənzimləməsində vəziyyətdə dəyişikliyin alınması üçün vasitəçilər tənzimləməyə münasibətlərini dəyişməlidirlər".

M.Əhmədoğlu hesab edir ki, həmsədrlər "yalnız sülh yolu ilə" və ya "dinc danışıqlar alternativsizdir" tezislərinə münasibətlərini dəyişməlidirlər. Bu terminlər Ermənistanda imitasiyaya xidmət edir, Ermənistanı tələsməməyə təhrik edir. Yalnız bu terminlər dəyişildikdən sonra Ermənistan real mövqe ortalığa qoyacaq: "Vasitəçilər aşkarlığa və şəffaflığa riayət etməlidirlər. ABŞ-ın yeni həmsədri C.Urolikin fəaliyyətində ictimaiyyəti məlumatlandırmağa meyl var. Bu, bütün həmsədrləri və onların məşğul olduğu DQ tənzimləməsini də əhatə etməlidir. Tərəflərə təqdim olunmuş variantlar və tərəflərin bu variantlara və təkliflərə münasibətləri barədə hər iki ölkənin ictimaiyyətinin məlumatlandırılması məsuliyyətini həmsədrlər daşımalıdırlar".

Politoloq qeyd edib ki, həmsədrlər "danışıqlar stolunu" digər variantlardan, təkliflərdən təmizləməlidirlər. Danışıqlar stolunda yalnız müzakirə olunan variant qalmalıdır: "Neçənci dəfədir ki, Ermənistan danışıqlar stolundakı çoxvariantlılıqdan istifadə edərək prezidentlərin görüşünü heçə endirir. Ermənistanın davranışından və həmsədrlərin verdiyi bəyanatdan bəlli olur ki, nəinki Madrid Prinsipləri və Yenilənmiş Madrid Prinsipləri, hətta 1997-98-ci illərdə tərəflərə təqdim olunmuş üç variant da indi danışıqlar stolundadır. Ehtimal ki, həmsədrlər danışıqlar stolundakı çoxvariantlılığı Ermənistana kömək məqsədilə saxlayırlar".

M.Əhmədoğlu deyib ki, iki məsələ aşkar bəllidir: "Birincisi, Ermənistan haradan, nə miqdarda da olsa pul alsa da, iqtisadiyyatını qura bilməyəcək. Son illərin təcrübəsi bunu göstərir. Ermənistanın dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollardır. İldən-ilə borcu artır, iqtisadiyyatın inkişaf tempi aşağı düşür. İkincisi, Azərbaycan güclənir, vasitəçilər əlində olan səlahiyyətlə Azərbaycanın güclənməsinin qarşısını ala bilməyəcək, o cümlədən vasitəçilər Azərbaycanın hərb yolunu seçməsinə də maneçilik edə bilməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti