...

Millət vəkili: Azərbaycan cəbhədə yaranmış vəziyyətlə əlaqədar resurslarını səfərbər etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2014 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ermənistanla cəbhə xəttində yaranmış gərginliklə əlaqədar mövcud imkanlarının və resurslarının səfərbər edilməsi istiqamətində tədbirlər görməlidir. Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Millət vəkilinin sözlərinə görə, atəşkəsin əldə olunmasına dair 1994-cü ildə Bişkek Protokolunun imzalanmasından keçən son 20 ildə təmas xəttində atışma halları müxtəlif intensivliklə həmişə olub. Lakin son günlər burada gərginliyin artması və təmas xətti boyunca yayılması bizə daha uzağa gedən nəticələr çıxarmağa imkan verir: "Əvvəlki dövlərdə atəşkəsin pozulmasında əsas niyyət həmin ərazilərdə əhalinin məskunlaşmasına maneə törətmək, insanların əlini işdən soyutmaq, onları təsərrüfat həyatından uzaqlaşdırmaq, gənclərin orada yaşamaq imkanlarını aradan qaldırmaq, beləliklə də ön cəbhədəki əsgərləri arxa cəbhədəki insanların dəstəyindən məhrum etmək idi. Sonrakı dövrlərdə Ermənistanın siyasi hakimiyyətinin vəziyyəti ağırlaşan zaman, xalqla münasibətlər dramatikləşəndə və ciddi siyasi böhranlar meydana çıxanda da burada Qarabağ kartı ilə öz mövqeələrinin bərpa etmək cəhdlərini gördük. Daha sonrakı dövrdə xüsusilə də hərbi biznesin inkişafı naminə atəşkəsin pozulması halları da baş verirdi. Yəni xüsusilə müxtəlif ölkələrdən alınmış silah kütləsinin Qarabağda "əridilməsi", Azəbaycanın neftdən gələn gəlirlərinin hərbi-sənayeyə daha çox yönəldilməsi, vaxtilə İran-İraq savaşında olduğu kimi sürətli silahlanma yarışına qoşmaq tedensiyalarında da bu pozuntuların şahidi olurduq. Təbii ki, burada xarici aləmə "bölgənin ağası kimdir?" mesajını vermək istəyən Rusiyanın da əli var idi. Lakin bu gün Rusiya Soçi olimpiadasının təhlükəsizliyi naminə bütövlükdə bu regionda əlavə gərginlik ocaqlarının alovlanmasını istəmir. Hazırki məqamda Ermənistanın atəşkəsi pozmasının başlıca məqsədləri ilk növbədə Azərbaycanın Silahlı Qüvvələrində məlum dəyişikliklər və islahatlar fonunda ölkənin gücünün bir az da artmasına qarşılıq vermək, hansısa başqa ölkələrin diqqətini özünə cəlb etmək, əlavə siyasi və maliyyə "xaltura"sına getmək və yaxud "bölgənin təhlükəsizliyi kövrəkdir, Azərbaycana investisiya qoyan dairələr bunu nəzərə almalıdır" kimi mesajlar verməkdir".

Z.Orucun fikrincə, Ermənistanın cəbhənin Tovuz cinahında, dislokasiyanın məhz bu ərazisindən Azərbaycanla savaşın dərinləşdirilməsi cəhdi bir tələ idi: "Məqsəd Azərbaycanı Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərdə provokasiyaya cəlb etmək idi. Onlar hadisələri belə təqdim etmək istəyirlər ki, guya məhz bunun nəticəsində Ermənsitanda hansısa kəndləri boşaltdılar, Ermənistanın ümumi təhlükəsizliyinə zərbə var, bununla da KTMT-yə üzv dövləti, xüsusən Rusiyanı prosesə qoşmaq mümkün olsun. Lakin Azərbaycan bu tələyə düşmədi. Provokasiyalar öz həqiqi məqsədinə çata bitmədi. Azərbaycan Ermənistanın atdığı hər bir güllənin qarşılığı üçqat artıqlaması ilə verməsinə baxmayaraq, Ermənistan ərazisinə daxil olmaq, sərhəddi keçmək və ya yaxud orada genişmiqyaslı döyüş əməliyyatları aparmaq kimi addımlar atmadı".

Milli Məclisin üzvü Azərbaycanın bundan sonra atmalı olduğu addımlara da aydınlıq gətirib: "Bundan sonrakı dönəmdə Azərbaycan beynəlxalq informasiya vasitələri və cəmiyyətləri ilə işləməli, Ermənistanın atdığı hər bir gülləni ATƏT-in Minsk qrupuna atılan güllə kimi təqdim etməlidir. Bildirilməlidir ki, əgər 20 il ərzində bir missiya uğurla nəticələnmirsə, onda bu prosesin artıq ölü nöqtədə dayanması və məlum Bişkek Protokolunun isə formal xarakter daşıması deməkdir. Bundan əlavə, imkanlarımızın, resurlarımızın müəyyənləşməsi istiqamətində müxtəlif səfərbərlik tədbirləri görülməlidir".

Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Atəşkəs rejimi Ermənistanın silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulur. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dünən bir əsgərimiz erməni snayperinin açdığı atəş nəticəsində şəhid olub. Bundan bir neçə gün əvvəl isə erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib, kəndin ərazisinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti