...

Mübariz Əhmədoğlu: Həmsədr dövlətlər Minsk qrupundakı təmsilçiliklərinə diqqətlərini azaldıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2014 15:42 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti ilə çoxlu diplomatlar məşğul olublar. Hər üç həmsədr dövlətin Minsk qrupunda parlaq təmsilçiləri olub.
Mübariz Əhmədoğlu: Həmsədr dövlətlər Minsk qrupundakı təmsilçiliklərinə diqqətlərini azaldıblar

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti ilə çoxlu diplomatlar məşğul olublar. Hər üç həmsədr dövlətin Minsk qrupunda parlaq təmsilçiləri olub. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, ABŞ-dan Mənn, Kovano, Metyu Brayza kifayət qədər aktiv fəaliyyət göstəriblər: "Brayzanın aktivliyi müəyyən qədər ziddiyyət yaratsa da, tənzimlənmənin çox məqamlarına məhz o aydınlıq gətirdi. 7 rayonun qaytarılması, Ermənistanın ağır hərbi texnikasının Dağlıq Qarabağdan çıxmalı olacağı, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisinin müəyyən edəcəyi fikirlərini ilk dəfə o açıqladı. Aydın şəkildə izah etdi ki, Dağlıq Qarabağın əhalisi dedikdə, Dağlıq Qarabağın erməniləri ilə Dağlıq Qarabağın azərbaycanlılarının birgə məcmusu başa düşülür. Metyu Brayza Dağlıq Qarabağdakı separatizmin tarixini ABŞ dövlətinin yaranma tarixi ilə müqayisə etməklə ermənilərə də böyük ruh yüksəkliyi verdi".

M.Əhmədoğlu qeyd edib ki, fransalı həmsədr Bernar Fasye Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ermənilərin xoşuna gəlməyən fikirləri söyləməkdən qətiyyən çəkinmirdi: "Bununla da o, ermənilərin şüurunda kifayət qədər ciddi dəyişiklik yaratdı. Fransalı Fasye və rusiyalı Yuri Merzlyakov Laçında erməni əhalisi ilə aktiv polemikaya qoşuldular, hətta bəzi erməni daşnakların nümayəndələrinin iştirak etdiyi tədbirlərdə açıq bildirmişdilər ki, ermənilər Azərbaycan torpağını işğal edib. Rusiyalı həmsədr Trubnikovun fəaliyyəti isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya ilə ABŞ arasında ziddiyyətlərin aradan qalxması ilə nəticələndi. V.Kazimirovun kütbeyinliyə söykənən ermənipərəstiyindən sonra V.Trubnikovun diplomatlığı Rusiya üçün lazım idi".

Onun fikrincə, lakin indiki həmsədrlər əvvəlki uğurları itiriblər. İndiki həmsədrlər nəinki yeni tənzimləmə konsepsiyası hazırlaya bilmirlər, hətta əvvəlki həmsədrlərin hazırladığı və öz ölkələrinin prezidentləri tərəfindən dəstəklənən variantı müdafiə edə bilmirlər: "Amerikalı həmsədr Ceyms Uorlikin fəallığı "axmaq aktivlik"dir. Ledi Qaqadan ayrıla bilməyən, əfqan narkotrafiklərinin təsirindən uzaqlaşmaq istəməyən Uorlik, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə heç nə bilmir. "Dağlıq Qarabağ hakimiyyəti" termini işlədir, sonra bəyan edir ki "bu de-fakto Dağlıq Qarabağ hakimiyyəti" termini kimi oxunmalıdır. Uorlikin Dağlıq Qarabağda azərbaycanlıların yaşaması və sonradan bu azərbaycanlıların başına nə gəlməsi barədə xəbəri yoxdur. Nədənsə Uorlikin bütün "səhvləri" ermənilərin xeyrinədir, hələ Azərbaycanın xeyrinə "səhv" etməyib".

M.Əhmədoğlunun sözlərinə görə, rusiyalı və fransalı həmsədrlər C.Uorlikin "axmaq aktivliy"i qarşısında geri çəkiliblər.

Politoloq qeyd edib ki, rusiyalı həmsədr heç bir təşəbbüskarlıq göstərmir: "Onun cəmi bir fərqli münasibəti oldu; Dağlıq Qarabağda "müdafiə nazirliyi"nin keçirdiyi müşavirəyə qatıldı, guya müharibənin qarşısını almaq istəyir, amma separatçı hərbçiləri ruhlandırır. Fransanın həmsədrliyinin passivliyi həm də Fransanın indiki təmsilçisinin şəxsi xarakteri ilə əlaqəlidir. 3 həmsədr dövlət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ciddi fikir versəydilər, həmsədrliyə təqaüdçü yox, perspektivli diplomatları təyin edərlər".

O, əlavə edib ki, ATƏT MQ vasitəçiliyinin 22-ci ili çox ciddi iflasla xarakterizə olunur: "Amma bu 22 il ərzində vasitəçilər həqiqətən vasitəçiliklə məşğul olublar və ortaya 4 fundamental sənəd qoyublar. 1997-98-ci illərdə təqdim olunan üç tənzimlənmə variantından xeyli müddət sonra nəhayət 2009-cu ildə "Yenilənmiş Madrid Prinsipləri" (YMP) adlı tənzimləmə variantı hazırlandı və ABŞ Prezidentinin mətbuat xidməti vasitəsilə dünyaya təqdim olundu. 2009-cu ildən bəri vasitəçilərin fəaliyyətində geriləmə müşahidə olunur. Onlar özlərinin hazırladığı YMP-ni müdafiə edə bilmirlər, eləcə də özləri vasitəçilik statusunu azaltdılar".

M.Əhmədoğlunun sözlərinə görə, politoloji nəzəriyyələrdə vasitəçiliyin üç statusu var: "Yardımçı vasitəçilik, vasitəçi vasitəçilik, arbitr vasitəçilik. Üç tənzimləmə variantı və YMP hazırlanarkən ATƏT MQ həmsədrlərinin vasitəçiliyi orta və ya vasitəçi vasitəçilik statusunda idi. İndi isə yardımçı vasitəçilik statusundadırlar. Məntiqlə həmsədrlər BMT qarşısında arbitr vasitəçi statusuna malik olmaq məsələsini qaldırmalı idilər".

Politoloq qeyd edib ki, çoxsaylı bəyanatlarının təhlilindən gəldiyimiz nəticə budur ki, həmsədrlərin vasitəçiliyin statusunu yardımçı vasitəçiliyə endirməkdə əsas bəhanələri BMT Baş Asambleyasının 2009-cu ildə qəbul etdiyi vasitəçilik haqqında BMT BA-nın 62/228 nömrəli qətnaməsidir: "Lakin bu sənədə istinadda ATƏT MQ həmsədrləri sənədin iki mühüm prinsipini pozurlar. Birincisi, BMT BA-nın 62/228 nömrəli qətnaməsinin 28 avqust 2009-cu il redaktəsinin 12-ci tezisi pozulur. ATƏT MQ həmsədrlərinin son illərdəki fəaliyyətini neytral adlandırmaq mümkün deyil və bu təkcə amerikalı həmsədrə aid deyil. ABŞ-dan olan həmsədr erməni əsgərin ölümünü faciə adlandırdığı halda, Azərbaycan hərbçisinin ölümünə sıravi hadisə kimi yanaşır. Rusiyalı həmsədr Dağlıq Qarabağda separatçı qurumun hərbçiləri ilə ayrıca görüşür".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ erməniləri ilə görüşən vasitəçilər Dağlıq Qarabağ azərbaycanlıları ilə təmasdan qaçırlar. Qarabağ münaqişəsinin qurbanı Dağlıq Qarabağ erməniləri deyil, Dağlıq Qarabağ azərbaycanlılarıdır: "ATƏT MQ vasitəçilərinin daha böyük kobud pozuntusu həmin sənəddəki vaxt reqlamentinə əməl etməmələridir. Həmin sənədin tələbinə görə əgər vasitəçilər iddia edirlərsə ki, tərəflər özləri könüllü surətdə razılığa gəlməlidirlər, bu baş vermədiyi halda 3 ay ərzində BMT TŞ qarşısında məsələ qaldırılmalıdır və ya razılığa gəlinə bilmədiyi halda vasitəçilər tərəflərə bu məsələni BMT TŞ-də qaldırmaq təklifini verə bilərlər".

Politoloqun sözlərinə görə, vasitəçiliyin statusunun aşağı salınması həmsədrlərin özlərinin və könüllü seçimidir və belə vasitəçiliklə onlar Dağlıq Qarabağ münaqişəsi regionunda müharibənin qarşısını ala bilməyəcəklər: "Dağlıq Qarabağda müharibə istər-istəməz BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Çünki həmsədr dövlətlərin hər üçü BMT TŞ-nin daimi üzvləridir. BMT TŞ-də müzakirə zamanı həmsədrlərin savadsız və qərəzli fəaliyyəti ciddi tənqid obyektinə çevriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti