...

Müdafiə Nazirliyi cəbhə bölgəsindəki vəziyyətin operativ işıqlandırılması ilə bağlı müxtəlif layihələr həyata keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2014 23:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın media və ictimiayyət nümayəndələrindən ibarət bir qrupun cəbhə xəttinə səfəri başa çatıb.

Trend-in cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media və ictimiayyət nümayəndələrindən ibarət bir qrup avqustun 7-dən etibarən Ermənistan-Azərbaycan sərhədi, eləcə də işğal edilmiş ərazilər boyu cəbhə bölgəsində səfərdə olub. Tərkibində Trend-in əməkdaşının da yer aldığı qrup cənubdan şimala bütün cəbhə xətti boyu bir sıra hərbi hissələrdə, eləcə də Ordumuzun düşmənlə üz-üzə cəmi bir neçə metr məsafədə yerləşən mövqelərində, səngərlərdə olub, cəbhə xəttindəki vəziyyət, orada baş verən hadisələrlə yerindəcə yaxından tanış olub, bu barədə xəbər və reportajlar hazırlayaraq operativ şəkildə Azərbaycan, eləcə də dünya ictimiayətinə məlumat veriblər.

Bundan əlavə, media və ictimaiyyət nümayəndələri cəbhəyanı ərazilərdə yerli sakinlərin yaşayış şəraiti ilə maraqlanıb, şəhid olmuş hərbçilərin ailələrini ziyarət edib, onların sosial şəraiti ilə maraqlanıb, onların mövcud problemlərin həlli məqsədilə müvafiq icra strukturlarının nümayəndələrini məlumatlandırıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin cəbhə bölgəsindəki vəziyyətlə yaxından tanış olması ilə bağlı bundan sonra da müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, media və ictimiayyət nümayəndələri avqustun 9-da cəbhənin Ordumuzun Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu istiqamətindəki düşmənlə üz-üzə olan mövqelərindən birində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulublar. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti