Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə şəxsi heyətin döyüş ruhunun artırılmasına dair tapşırıqlar verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, avqustun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb. Tədbir iştirakçılarını salamlayan nazir çıxışında orduda aparılan son islahatlardan, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji tərbiyəsində qarşıda duran mühüm vəzifələrdən danışıb.
Müdafiə naziri qeyd edib ki, hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Ali Baş Komandana,Vətənimizə, torpağımıza, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Azərbaycan Ordusunun şəxsi heyəti hər an qələbəyə hazır ola bilər: "Müasir mərhələdə Azərbaycan dövlətinin artan siyasi-iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır. Bu gün dövlət rəhbərliyi, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət və qayğı vardır. Həm Silahlı Qüvvələrimizin bölmələri müasir silah və hərbi texnikalarla təmin edilir, həm də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Hər kəs yaxşı bilməlidir ki, bu gün ordumuzun şəxsi heyətini qarşıda duran mühüm vəzifənin icrasına torpaqlarımızın işğaldan azad edilməsinə səfərbər etmək qarşımızda dayanan ən mühüm vəzifədir. Bu baxımdan şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və zabitlərin üzərinə böyük məsuliyyət düşür. Orduda önəm verilən əsas şərt gənc döyüşçülərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə şəxsi heyətin şüuruna dövlətin və xalqın mənafeyini müdafiə etmək hissləri aşılanmalıdır. Hər bir gənc döyüşçü hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə apardığını dərindən dərk etməlidir".
Müdafiə nazirinin fikrincə, əsgər heyəti ilə aparılan təlim-tərbiyə prosesində ən müasir üsullardan istifadə edilməlidir:"İlk növbədə qeyd etmək istərdim ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavini bilməlidir ki, bu gün ordu rəhbərliyi ona böyük etimad göstərib. Onların vəzifələri bir pillə artırılıb, yəni, o, öz komandiri ilə bir səviyyədə dayanır. Mənə elə gəlir ki, bu göstərilən etimad həmin zabitin vəzifə məsuliyyətini qat-qat artıracaqdır. O, öz üzərində daha səylə çalışmalı, hərbi bilik və vərdişlərini artırmalı, qarşısında dayanan tapşırıqların məsuliyyətini dərindən dərk etməlidir.
Xalqımızın illərdən bəri üzləşdiyi münaqişənin mahiyyəti şəxsi heyətə izah edilməli və doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizənin bizim ədalətli işimiz olduğu aşılanmalıdır. Yəni əsgərlərimizin müharibəyə hazır olmasının əsas zərurəti yalnız xalqımızın ədalətli mübarizəsindən - doğma torpaqlarımızı işğaldan azad etmək zərurətindən irəli gəlir. Əgər işğalçı dövlət ölkəmizin ərazi bütövlüyünün sülh yolu ilə təmin olunmasına razılaşmayacaqsa, onda Azərbaycan hərbi yolla bu məsələnin həllində israrlı olacaqdır".
Şəxsi heyətin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyinə toxunan nazir qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələri əsgərlərə layiqincə təbliğ edilməlidir:"Qoy hər bir əsgər qədim xalqın nümayəndəsi olduğunu dərindən dərk etsin, qəhrəmanlarımızı yaxşı tanısın, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin irsini mükəmməl öyrənsin. Həyatda da belədir, hər kəs cəmiyyətdə özünə layiqli yer tutmaq istəyirsə, dahi insanların ömür yolunu özünə örnək bilməlidir. Bu mənada ümummilli liderimizin mənalı ömür yolu və tarixi fəaliyyəti Silahlı Qüvvələrimizin şəxsi heyətinə ən layiqli örnəkdir".
Müdafiə naziri şəxsi heyətin döyüş ruhunu artırmaq üçün bölüklər səviyyəsində iş aparıımalı olduğuna ciddi fikir verilməli olduğunu bildirib: "Biz çalışmalıyıq ki, Silahlı Qüvvələrimizin şəxsi heyətinin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirlməsində hər bir zabit üzərinə düşən məsuliyyəti dərindən başa düşsün və öz vəzifə borcunu yerinə yetirsin. Ordumuzun mühüm döyüş vəzifəsinin icra edilməsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da az əhəmiyyət daşımır və bu sahəyə cavabdeh olan zabitlər məsuliyyət hissini daha dərindən hiss etməlidirlər. Məncə, şəxsi heyətin döyüş ruhunu artırmaq üçün bölüklər səviyyəsində bu vacib işə cavabdehlik daşıyan zabitlərin fərdi hazırlığına ciddi fikir verilməlidir. Ümumiyyətlə, hər bir zabit öz hərbi biliyi, davranışı və əxlaqi keyfiyyətləri ilə şəxsi heyətə nümunə olmalıdır. Şəxsi igidlik nümunələri göstərən hərbi qulluqçular hamıya örnəkdir. Məsələn, bu yaxınlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin təxribat xarakterli cəhdlərinin qarşısının alınmasında bəzi hərbi qulluqçularımız xüsusilə fərqlənmişdilər. Belə qəhrəmanlıq nümunələri başqa hərbi bölmələrin şəxsi heyətinə də təbliğ edilməlidir".
Görüşün sonunda Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev nazirin çıxışının, dəyərli tövsiyə, göstəriş və tapşırıqlarının zabitlər üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. O, Müdafiə nazirini əmin edib ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlər qarşıya qoyulan bu mühüm vəzifə və tapşırıqların uğurla yerinə yetirilməsində dəyərli töhfələrini əsirgəməyəcək və şəxsi heyəti qarşıda duran mühüm vəzifənin yerinə yetirilməsinə səfərbər edəcəklər.