...

"Serbiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2014 18:39 (UTC +04:00)
Bu gün Parlamentin sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçlə görüşüb.
"Serbiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək"

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Bu gün Parlamentin sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçlə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, O.Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərimizin inkişafı üçün geniş potensial mövcuddur. Ölkələrimiz arasında imzalanmış bu sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edir, siyasi və iqtisadi inkişafa dəstək verir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan dinamik inkişaf edən ölkədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Hazırda Cənubi Qafqazın iqtisadi inkişafının əsas hissəsi Azərbaycanın payına düşür.

Qeyd edilib ki, ölkələrimizi bir-birinə bağlayan bir sıra amillər var. Hər iki ölkə müharibənin, ərazi bütövlüyünün pozulmasının nə olduğunu bilir. Buna görə də ölkələrimiz bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər. Hazırda hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərirlər.

Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. Bildirilib ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının işi daha da gücləndirilməlidir.

Görüş üçün təşəkkürünü bildirən Serbiya Milli Məclisinin sədri M.Qoykoviç diqqətə çatdırıb ki, 2015-ci ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Serbiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk qrupunun işinin canlandırılması üçün əlindən gələni edəcəkdir. Parlamentin sədri Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını qeyd edib.

Qonaq bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir.

Söhbət zamanı siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, hər iki ölkədə sərmayələrin yatırılması üçün əlverişli investisiya mühiti var.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Məlahət İbrahimqızı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti