Azərbaycan, Bakı, 12 mart /Trend/
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi əlaqələr komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda iki günlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib və onu maraqlandıran bir sıra sualları ətraflı cavablandırıb.