Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Rusiyanın sərgilədiyi mövqe bizi təəssüfləndirir". Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənov bildirib ki, girov götürülənlərdən biri Rusiya vətəndaşıdır, onun həyat yoldaşı isə həm rus millətinə mənsubdur, həm də Rusiya vətəndaşıdır: "Bu girovun ailə üzvləri onun azadlığa buraxılması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Çox təəssüf edirik ki, Rusiya öz vətəndaşına sahib çıxmadı".
Baş nazirin müavini vurğulayıb ki, Rusiya tərəfinin tam hüququ var ki, girovun ekstradisiyası məsələsini qoysun və heç olmasa, o, Rusiya həbsxanasına köçürülsünlər: "Biz bu məsələni də dəfələrlə qaldırmışıq, təəssüflər olsun ki, bu məsələ açıq qalıb".
Girovlarla bağlı QHT-lərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinə münasibət bildirən Ə.Həsənov bu məsələnin müsbət nəticə verəcəyinə inanmadığını bildirib. O, qeyd edib ki, bu gün dünyada böyük ədalətsizliklər baş venir: "Ona görə də mən inanmıram ki, nə Avropa Məhkəməsi, nə də Rusiya tərəfi bu problemi həll edəcək, yaxud Ermənistan tərəfi düz yola gələcək. Ancaq onu bilirəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyev özü o girovları azad edəcək. Bunu yaşayıb görəcəyik. Bu vaxt çox da uzaqda deyil, bu, baş verəcək. Qoy erməni tərəfi də bunu bilsin".
Baş nazirin müavini: "Rusiyanın Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi ilə bağlı mövqeyi bizi təəssüfləndirir"
"Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Rusiyanın sərgilədiyi mövqe bizi təəssüfləndirir".