...

Kaliforniyada yaşayan azərbaycanlı icma fəalları həmsədrlərə nələri çatdırıblar? (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2015 12:54 (UTC +04:00)
ABŞ-ın San Fransisko və ətraf şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüş keçiriblər.
Kaliforniyada yaşayan azərbaycanlı icma fəalları həmsədrlərə nələri çatdırıblar? (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Səba Ağayeva/

ABŞ-ın San Fransisko və ətraf şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ) və Pyer Andryö (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüş keçiriblər.

Trend-in məlumatına görə, görüş həmsədrlərin təşəbbüsü ilə gerçəkləşib. 70 il öncə BMT-nin yaradıldığı San Fransiskonun tanınmış "Fairmont" mehmanxanasında keçirilən görüşdə icma fəalları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan diasporunu narahat edən məqamları həmsöhbətlərin diqqətinə çatdırıblar.

Qarşılıqlı fikir mübadiləsi formatında təşkil olunmuş görüşdə əvvəlcə həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində apardıqları fəaliyyət, eləcə də danışıqların mövcud mərhələsi barədə ümumi məlumat veriblər. Daha sonra icma fəalları sual və fikirlərini bildiriblər.

İcma fəalları qeyd ediblər ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə barışmayacaq. Həmçinin vurğulanıb ki, həmsədrlər öz fəaliyyətlərini gücləndirərək, Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını dərhal tərk etməsinə, eyni zamanda azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına nail olmalıdırlar.

Tədbirdə iştrak edən Xocalı soyqırımı şahidi Anar Usubov isə soyqırımı ilə bağlı öz kədərli xatirələrini həmsədrlərin diqqətinə çatdıraraq, Ermənistanın işğalçı fəaliyyətləri, azərbaycanlılara qarşı törətdiyi qeyri-insani hərəkətlərdən danışıb. O bildirib ki, bu münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işlənmiş cinayətlərin ən ağır olan nümunələrindən biri Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilib.

İcma fəalları, eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi, Ermənistanın Azərbaycan ərazilərinin işğalında və etnik təmizlənməsində birbaşa iştirakını təsdiq edən son qərara toxunaraq, Minsk Qrupunun bundan sonrakı fəaliyyətində bu məhkəmə qərarını nəzərə alacağına ümid etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti