Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik oktyabrın 27-də Azərbaycanın Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində aparılan monitorinq zamanı ermənilərin atəşkəsi pozmasını qəbuledilməz hal kimi dəyərləndirib.
Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz "twitter" səhifəsində yazıb.
O, qeyd edib: "Biz təmas xəttini keçərkən bir neçə dəfə atəş açılması bizi sığınmağa məcbur etdi. Bu yolverilməzdir".
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycanın Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb. Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.