Bakı. Səba Ağayeva - Trend:
Ermənistan Sərsəng su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Sosial məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin məruzəçisi Militsa Markoviçin "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi" mövzusunda hazırladığı hesabatla bağlı açıqlamasını şərh edərkən deyib.
H.Hacıyev qeyd edib ki, AŞ PA-nın Sosial məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin məruzəçisi M.Markoviçin "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi" mövzusunda hazırlağı hesabat humanitar xarakter daşıyır: "Hesabat Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərə yaxın məntəqələrdə, eləcə də Ermənistanla sərhəd rayonlarda yaşayan Azərbaycan əhalisinin qəsdən sudan məhrum edilməsi kimi humanitar problemin araşdırılması və beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımdan əhəmiyyətlidir".
Onun sözlərinə görə, vaxtilə tikilmiş Sərsəng su anbarı ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulsa da, Ermənistan bu əraziləri işğal etdikdən sonra su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib: "Ermənistan tərəfi qəsdən qış aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Nəticə etibarilə, insanların su təminatı və kənd təsərrüfatı fəaliyyəti, ərazinin biomüxtəlifliyi və torpağın öz quruluşunu dəyişməsi üçün ciddi təhlükələr yaranır".
XİN rəsmisi əlavə edib ki, Cenevrə Konvensiyaları və əlavə protokollar, 1966-cı il Mülki və siyasi hüquqlar və İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, BMT Baş Assambleyasının 64/292 saylı 28 iyul 2010-cu il tarixli qətnaməsi və digər beynəlxalq sənədlərdə sudan istifadə insan hüquqlarının tərkib elementi kimi təsbit edilib: "Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryanın açıqlaması, rəsmi Yerevan tərəfindən hesabatın hazırlanması dövründə AŞ PA fakt-araşdırıcı missiyasının Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfərinə imkan verilməməsi, insanları sudan məhrumetmə əməlləri, eləcə də əsir və itkin düşmüş şəxslərin taleyi barədə məlumat verilməsindən imtina edilməsi və digər bu kimi addımlar rəsmi Yerevanın qeyri-humanist və irticaçı siyasətinin daha bir nümunəsidir".
H.Hacıyev bildirib ki, beynəlxalq ictimaiyyətin iradəsinin və narahatlığının ifadəsi olaraq, AŞ PA-nın Siyasi məsələlər və demokratiya komitəsində məruzəçi Robert Uolter və Sosial məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin məruzəçisi M.Markoviçin hesabatları münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır: "Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, ilk növbədə, müvəqqəti işğal olunmuş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxarılmalıdır".