Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
ATƏT MQ həmsədrləri 2015-ci ilə geosiyasi reallıqların təsiri altında daxil oldular. 2014-cü ildə ATƏT MQ-nin daxilində haçalanma yarandı. O vaxtadək ATƏT MQ həmsədrləri 2009-cu ilin iyulun 10-da İtaliyanın Akvil şəhərində həmsədr ölkə prezidentləri tərəfindən G-8 sammiti zamanı qəbul edilmiş Madrid prinsiplərinin yenilənmiş variantı və ya Yenilənmiş Madrid prinsiplərini olduğu kimi qəbul edirdilər. 2014-cu ilin mayın 9-da və 12-də ortalığa iki mövqe qoyuldu. Həmsədr C.Uorlik "amerikan variantını" Dövlət Departamenti və Ağ ev adından təqdim etdi.
C.Uorlikin "Amerika variantı" adlandırdığı bu variant ATƏT MQ həmsədrlərinin 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində G-8 sammitində ATƏT MQ həmsədr ölkələrinin prezidentlərinin qəbul etdiyi və elə həmin gün ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılmış Madrid prinsiplərinin yenilənmiş variantı adlı sənəddən prinsipial fərqlidir.
Həmsədr ölkə prezidentlərinin imzaladığı Madrid prinsiplərinin yenilənmiş variantında birinci maddə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasından ibarətdir: "C.Uorlikin "Amerikan variantı"nda isə birinci maddə Dağlıq Qarabağın statusunun müəyyən olunmasında qarşılıqlı razılığın əldə olunmasından ibarətdir. İkinci maddə indi Dağlıq Qarabağda yaşayan ermənilərə aralıq statusun verilməsindən ibarətdir. Aralıq status təhlükəsizlik və özünüidarə təminatından ibarətdir. Yalnız üçüncü maddə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur".
Bu barədə razılaşmanın sənəd üzərində əldə olunması ilə Dağlıq Qarabağın hüquqi statusunu müəyyənləşməsini təxminən eyni vaxtda edilməsini nəzərdə tuturdu. "Amerikan variantına" həm də ermənilərin Kazan görüşü arzularının reallaşması kimi də yanaşmaq mümkündür. "Amerikan variantından" 3 gün sonra atəşkəs rejimi haqqında razılaşmanın 20 illiyi münasibətilə həmsədrlər bəyanat yaydılar. Bəyanatda Yenilənmiş Madrid prinsipləri olduğu kimi təqdim edildi. Dağlıq Qarabağ ətrafındakı ərazilər hətta işğal olunmuş ərazilər kimi təqdim olundu. "Amerikan variantını"da fərqli olaraq həmsədrlərin son bəyanatını hər üçü təsdiqləmişdi. Uorlikin Yenilənmiş Madrid prinsiplərini ermənilərin maraqlarına uyğun dəyişməsi Rusiyanın ATƏT MQ-də daha aktiv rol oynamağa vadar etdi. Nəticədə, RF 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlindən ortalığa yeni variant qoydu:
ı. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarır.
ıı. Azərbaycan Ermənistana gedən kommunikasiyaları açır.
ııı. Dağlıq Qarabağın statusunun müəyyən olunması qeyri-müəyyən vaxta qədər təxirə salınır.
ABŞ-ın mövqeyində Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi paralel aparılmalıdır. Rusiyanın ortalığa qoyduğu variantda isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi təxirə salınmışdır. 2015-ci ildə Rusiya mövqeyini ABŞ-ın mövqeyi istiqamətində dəyişdi. Lakin Rusiyanın ortalığa qoyduğu variant ABŞ-ın ortalığa qoyduğu variantdan kəskin fərqlidir. ABŞ-ın Dağlıq Qarabağ ətrafındakı əraziləri qaytarmaqla Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqələndirməsi paket variantına uyğundur. ATƏT-də qərarların konsensus prinsipi ilə qəbul olduğunu nəzərə alsaq paket variantı heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid yaratmır. Məhz buna görə də ermənilər bu variantı dəstəkləyir. Rusiyanın mövqeyi daha modern və realpolitik olmaqla yanaşı mərhələli həll variantına uyğundur. Rusiyanın sonradan öz variantına etdiyi dəyişikliklərdə statusun müəyyən olunmasına giriş hesab edilə bilər. Rusiyanın son variantı üç addımdan ibarətdir:
ı. Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılır.
ıı. Məcburi köçkünlər həmin ərazilərə qayıdır.
ııı. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq başlanır. Burada dördüncü addım da özü özlüyündə yaranır. Azərbaycan həmin ərazilərdəki kommunikasiyaları açmalıdır. Məsələnin belə qoyuluşu 2015-ildə ATƏT MQ daxili proseslərdə Rusiyanın Azərbaycana inamının artdığını göstərir.
Ermənistan Rusiyanın təkbaşına vasitəçiliyin əleyhinədir. Rusiya isə ATƏT MQ çərçivəsində özünün bu variantını ümumi varianta çevirə bildi.
İl ərzində ərazi bütövlüyü prinsipi çoxlu dəstək qazanıb. Dominant prinsipə çevrilib. Hətta S.Sərkisyan həm Aİ, həm də MDB çərçivəsində imzalanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədi imzalayıb. Ortalığa qoyulan sənədlərin heç birisində millətlərin öz müqəddəratını təyinetmə prinsipinə dəstək verilməyib.
Ermənistan siyasi, iqtisadi, hərbi və psixoloji baxımından heç bir irəliləyiş əldə etməyib, yalnız geriləyib.
Ermənistan əsas uğurunu 2015-ci ildə bir millimetr də olsun ərazini Azərbaycana qaytarmadığını hesab edir.
Ermənistan 2015-ci ildə özünün Dağlıq Qarabağ siyasətinə heç bir əlavə dəstək qazana bilməyib.
Azərbaycanda baş verən iqtisadi problemlər Ermənistanı ruhlandıran mənbəyə çevrilib. Bu, Ermənistanın kəskin mental-psixoloji davranışı ilə əlaqəlidir. Dünya bazarında neftin qiymətinin zəifləməsi 2015-ci ildə Azərbaycanda milli valyutaya ciddi təsir edib. Amma bütün hallarda Azərbaycanın Ermənistanın ümumi büdcəsindən 15 dəfə çox qızıl valyuta ehtiyatının qalması faktdır. Ermənistanın xarici borcu Ermənistanın büdcəsinin rəqəmini təxminən iki dəfə üstələyib. ÜDM-in 50%-dir. Azərbaycan maliyyə böhranına daxil olmazdan əvvəl ordusunu əsas müasir silahlarla tam təmin edə bilib.
Ermənistanın hərbi rəhbərliyi və rəsmiləri siyasi, geosiyasi, psixoloji, iqtisadi və hərbi sahələrdə Azərbaycanın hərtərəfli və tam üstünlüyünü etiraf etdilər.
2016-cı il Ermənistanın daha bir tezisinin ifşa olduğu il olacaqdır. Ermənistan özünün mövqeyi ilə ATƏT MQ-nin və beynəlxalq ictimaiyyətin mövqeyi ilə üst-üst düşən mövqe hesab edir. ATƏT MQ artıq Rusiyanın variantını dəstəklədiyini bəyan edib.
Uorlik 2016-cı ilin prioritetlərini açıqladı:
ı. Hər tərəfli sülh sazişinin hazırlanması.
ıı. Qoşunların təmas xəttində, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin azaldılması.
ııı. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun təşviqi. Bu prinsiplər ATƏT MQ və beynəlxalq ictimaiyyətin mövqeyidir. Ermənistan bu prinsipləri təqdir edirsə, bu 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini çox asanlaşdıracaqdır.
ABŞ və Rusiya ATƏT MQ daxilində həmrəy olduqlarını dəfələrlə bildirsələr də belə deyil. Dağlıq Qarabağ tənzimləməsinin ABŞ-la Rusiya arasında mübarizə meydanına çevrilməsi 2016-cı ildə bu tənzimləmənin ən böyük motoru ola bilər.