Bakı. Trend:
Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Olav Quttinq "TV Berlin" televiziya kanalının "Bundestaqdan" adlı verilişinə verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgəsində baş vermiş son erməni təxribatlarından, münaqişənin həlli prosesindən, Almaniya-Azərbaycan, NATO, Avropa İttifaqı və Azərbaycan münasibətlərinin gələcək inkişafından, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın artan rolundan bəhs edib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, tanınmış almaniyalı siyasətçi təəssüflə bildirib ki, təxminən 25 illik tarixi olan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq diqqətdən kənarda qalıb: "Şübhəsiz ki, Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğal edilib".
Azərbaycandakı qaçqın və məcburi köçkünlərin məsələsinə diqqət çəkən millət vəkili qeyd edib ki, Avropa və dünya ictimaiyyəti tərəfindən bu problemə lazımi diqqət yetirilmir: "BMT, ATƏT və Avropa Şurasının bir neçə qətnaməsi var ki, orada birmənalı olaraq göstərilib ki, erməni qoşunları tərəfindən Dağlıq Qarabağ və digər ərazilərin işğalı beynəlxalq hüquqa ziddir. Bu işğal 20 ildən artıqdır davam edir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin dəfələrlə təkrarən təsdiq olunmasına baxmayaraq, bu sənədlərin icra edilməsində heç bir irəliləyiş yoxdur".
O.Quttinq həmin sənədlərin müvafiq qaydada icrasına nail olmaq üçün siyasi iradənin çatışmazlığından gileylənib: "Cənubi Qafqaz üzrə işçi qrupu olaraq, biz tərəfləri vəziyyəti gərginləşdirən istənilən hərəkətlərdən çəkindirməyə çalışırıq. Gec-tez bu münaqişə öz həllini tapmalıdır. Ərazilərin qanunsuz işğalı dayandırılmalı, Ermənistan ordusu oradan çıxmalıdır".
Millət vəkili bildirib ki, Almaniya bütün mümkün vasitələrlə münaqişənin kəskinləşməsinin, hərbi qarşıdurma müstəvisinə keçməsinin qarşısını almağa çalışır: "Məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Bunun üçün Avropa, NATO və əlbəttə ki, Rusiyanın birgə səyləri lazımdır. Azərbaycan xarici siyasət kursuna sadiq qalaraq hər iki tərəflə balanslaşdırılmış siyasət yeridir. Son zamanlar rəsmi Bakı NATO və Avropaya doğru addımlar atır. Bu, Azərbaycanın Qərblə bağlılığının nümunəsidir. Fikrimcə, bu reverans "Rusiya orbiti"ndən çıxmaq kimi yozulmamalıdır. Bir daha təkrar edirəm ki, Azərbaycan çox ağıllı hərəkət edir. Çünki bu vəziyyətdə iki böyük oyunçu, iki nəhəng dövlətlə və regional güclərlə daim danışıqlarda olmaq, körpüləri sındırmamaq gərəkdir".
Deputatın sözlərinə görə qısamüddətli və ortamüddətli nəticələr danışıqlar vasitəsilə əldə edilə bilər. Münaqişənin həlli naminə müxtəlif variantlardan istifadə etmək lazımdır. Danışıqlar yolu ilə əldə ediləcək kompromis variantlardan biri isə Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi və Qarabağın ətrafında işğal olunan ərazilərin Azərbaycana qaytarılması ola bilər: "Düşünürəm ki, bu, münaqişənin mümkün həlli ola bilər".
Avropanın enerji təhlükəsizliyinin təminatı və enerji ehtiyatlarının şaxələndirilməsi məsələlərindən bəhs edən O.Quttinq neft hasilatçılarının enerji yarışında Azərbaycanın özünəməxsus yer tutduğunu vurğulayıb: "Çünki Azərbaycan potensial cəhətdən Avropaya qaz ixrac edən altıncı ölkədir. Karbohidrogen ehtiyatlarının ixracı kontekstində Almaniya Azərbaycanın rolunu gücləndirmək istəyir. Xammalın istənilən inhisarı təhlükəlidir. Bu səbəbdən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək olduqca vacibdir. Нazırda cəbhə xəttindən 100 kilometrdən az məsafədə neft və qaz boru kəmərlərinin marşrutu keçir. Bu, Avropaya daşımalara təhlükə yaradır. Ona görə də Avropa bu münaqişənin həllində maraqlı olmalıdır. Özü də danışıqlar yolu ilə bütün iştirakçı tərəfləri razı sala biləcək qənaətbəxş həll vasitəsilə. Bizə yeni münaqişə yox, sülh lazımdır. Mühüm məsələlərdən biri də odur ki, Azərbaycan müsəlman ölkəsidir, lakin dünyəvi müsəlman ölkəsidir. Bu amili nəzərdən qaçırmaq olmaz".