Bakı. Elçin Mehdiyev - Trend:
“Ermənistan təkcə son 25 ildə deyil, yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib, biz zaman-zaman ərazilərimizi itirmişik, vətəndaşlarımız qırğınlara məruz qalıb, mədəniyyət abidələrimiz darmadağın edilib”.
Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
B.Muradova bildirib ki, Azərbaycan beynəlxalq aləmi məsələ barədə düzgün məlumatlandırmaq, Azərbaycana qarşı törədilən cinayətlərə hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması ilə bağlı işlər aparıb:
“Ancaq təəssüflər olsun ki, bu gün ərazilərimizin bir hissəsi hələ də erməni işğalı altındadır, insanlarımız öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. O zamankı Azərbaycan hökuməti dünya ictimaiyyətini vaxtında bu cinayətlərin mahiyyəti barədə məlumatlandırmadı. Bu hadisələrə dünya səviyyəsində ilkin münasibət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verildi, BMT-yə müraciət edildi, çoxsaylı cinayət işləri qaldırıldı. Lakin cinayətkarlar bəlli olsa da, onlar qonşu ölkələrdə rəhbərlikdə və digər vəzifələrdə çalışırlar və cinayətdən yayınırlar”.