Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror X.Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses mayın 31-dək təxirə salınıb.
İttihama görə, ötən il iyunun 12-də Binəqədi rayonu, Binəqədi qəsəbəsidə naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.