Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım dinc vasitələri kobudcasına pozmağa, beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə əsaslanır.
Bunu Trend-ə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov deyib.
Onun sözlərinə görə, beynəlxalq mübahisələrin sülh yolu ilə, heç bir təhdidsiz və zor işlətmədən həlli müasir beynəlxalq hüququn mühüm prinsiplərindən birinə çevrilib:
"Beynəlxalq mübahisələrin həlli üçün müharibə və digər zor vasitələrinə müraciət etmək isə hüquqazidd hərəkətdir. BMT Nizamnaməsinə əsasən, təşkilatın üzvü olan dövlətlər öz aralarında baş verən böyük və kiçik beynəlxalq mübahisə və münaqişələri beynəlxalq sülh, təhlükəsizlik və ədalət üçün qorxu törətmədən, tərəflərin və üçüncü dövlətlərin tələb və mənafelərini obyektiv surətdə nəzərə almaq əsasında, yalnız sülh yolu ilə həll etməlidirlər. Hazırda bütün dövlətlərin icbari vəzifəsinə çevrilmiş bu prinsip 1970-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi “Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə”də əksini tapıb.
H.Qurbanov qeyd edib ki, Ermənistan tərəfi indiyə kimi münaqişənin dinc vasitələrlə həlli istiqamətində heç bir real addım atmayıb, bu istiqamətdə görüntü, imitasiya yaratmağa çalışıb:
"Hazırki vəziyyət də bunun bariz göstəricisidir. İnanırıq ki, bu haqq işimizdə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən güclü ordumuz qısa zamanda üçrəngli bayrağımızı işğal altındakı şəhər və kəndlərimizdə dalğalandıracaq. Heç şübhəsiz ki, ordumuzun bu parlaq qələbələri, ən mükəmməl səviyyədə təcəssüm etdirilən xalq və dövlət vəhdətinin ərsəyə gəlməsinin əsas səbəbi Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımları təşkil edir".