Oktyabrın 19-21-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək NATO parlament Assambleyasının "Rouz-Rout" seminarında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvləri Zahid Oruc və Elman Məmmədov iştirak edəcək. Bu barədə Trend ə millət vəkili Zahid Orucun özü bildirib.
Z.Oruc bildirib ki, seminarda əsasən Moldovanın Avroatlantik strukturlarla münasibətləri, o cümlədən konfliktlərin həllində Avroatlantik institutların rolu məsələləri müzakirə olunacaq. Millət vəkili qeyd edib ki, seminarın gündəliyi artıq hazırdır. Z.Oruc bildirib ki, adıçəkilən seminar Gürcüstan və Azərbaycanda da keçirilib: "Ötən dəfə Soçidə keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gündəliyə müddəalar salınmışdı. Bu dəfə də nəzərdə tutmuşuq ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı çıxışlar edək".