...

Moskvada ermənilərlə davada yaralanan azərbaycanlının durumu normallaşıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2007 13:21 (UTC +04:00)
Moskvada ermənilərlə davada yaralanan azərbaycanlının durumu normallaşıb

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Dünən Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) ermənilərlə kütləvi dava-dalaşda odlu silahdan yaralanan Ağəli Alışovun durumu normallaşıb. Bu barədə Trend ə eksklüziv olaraq çərşənbə günü Alışovun özü məlumat verib. Qeyd edək ki, hazırda həmyerlimiz 64 nömrəli Moskva şəhər klinik xəstəxanasındadır.

Məlumat üçün bildirək ki, dünən axşam Moskvada RXDU-da keçirilən bayram şənliklərindən sonra azərbaycanlı və erməni gənclər arasında böyük dava düşüb. Nəticədə bir neçə azərbaycanlı gənc odlu silahdan açılan atəşdən yaralanıb. Ən ağır yaralanan 22 yaşlı Ağəli Alışov olub. Qarın nahiyəsindən yaralanan həmyerlimiz yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və burada əməliyyat olunub. Sonradan o, palataya köçürülüb.

Alışovun bildirdiyinə görə, davaya səbəb erməni gənclərinin hərəkətləri olub. Onlar əllərində qondarma Dağlıq Qarabağ rejiminin bayrağını yelləyərək rəqs ediblər, habelə Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. Azərbaycanlı tələbələrin çoxsaylı müraciətlərinə baxmayaraq ermənilər təxribat xarakterli hərəkətlərinə son qoymayıblar və nəticədə qarşıdurma yaranıb.

Alışov onu da deyib ki, dava zamanı daha üç azərbaycanlı yaralanıb. Onlardan biri boynundan, digəri isə qolundan bıçaq zərbəsi alıb. Üçüncü azərbaycanlıya gəlincə, onun pnevmatik tüfəngdən ayağından yaralandığı bildirilir. Alışovun özü isə yuxarıda qeyd edildiyi kimi ermənilərin odlu silahdan açdığı atəş nəticəsində yaralanıb.

Azərbaycanın Moskvadakı səfirliyindən Trend ə verilən məlumata görə, hazırda yerli hüquq-mühafizə orqanları ilə birlikdə baş verənlərin səbəbləri araşdırılır. Güman olunur ki, Moskvanın "Obruçevski" rayonunun daxili işlər idarəsi dava-dalaş faktı üzrə cinayət işi açacaq.

Xatırladaq ki, iki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ildən başlayıb. O vaxt Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altınndadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti