...

Azərbaycanın ictimai-siyasi xadimləri "Qarabağ ətrafında birləşiblər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyalarının liderləri, politoloqlar, ziyalılar şənbə günü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qərargahında "Qarabağ ətrafında birləşək" mövzusunda keçirilən toplantıda bir araya gəliblər. Mövzu ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.

ASDP-nin həmsədri Araz Əlizadə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ danışıqları ilə bağlı son açıqlamasında dediyi bütün müddəalarla razıdır, yalnız iki müddəadan başqa: "Bu, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda referendum keçirilməsi və münaqişə bölgəsinə sülməramlı qüvvələrin gətirilməsidir. Dünya təcrübəsindən də görünür ki, bütün beynəlxalq sülhməramlı qüvvələr münaqişələri ya özlərinin, ya da böyük dövlətlərin maraqlarına uyğun şəkildə həll edib gediblər"-deyə Əlizadə qeyd edib.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib ki, Qarabağ probleminin həllində beynəlxalq təşkilatalara artıq inam qalmayıb, BMT-nin məlum dörd qətnaməsinin heç biri yerinə yetirilməyib. ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərin hər birinin regionda öz maraqarı olduğundan münaqişənin həllində də ortaq müstəviyə gələ bilmirlər.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov "lazım gələrsə, torpaqlarımızın hərbi yolla azad ediləcəyi" fikrinə münasibətini açıqlayıb və bu vaxtın çoxdan yetişdiyini deyib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd edib ki, 1997-ci ildə də Qarabağla bağlı belə bir toplantı keçirilib, lakin onun qərarları yerinə yetirilməyib. Qəmbər dövlətin Qarabağla bağlı konsepsiyasının xalqa açıqlanmasının vacibliyini vurğulayıb.

Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov da 2001-ci də Qarabağ Xartiyasının olduğunu, lakin sonradan nəticəsiz qaldığını xatırladıb.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəs ermənilərin xeyrinə işləyir. Onun fikrincə, bu mütəd ərzində Azərbaycan ordusu lazımınca güclənməyib və Qarabağ həqiqətlərini dünyaya lazımi səviyyədə çatdıra bilməmişk. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Qarabağ probleminin həlli üçün Azərbaycanda azad, demokratik seçkilərin keçirilməsini vacib sayır.

Politoloq Rasim Musabəyov hesab edir ki, Qarabağ məsələsinin həllində indiki dövrdə müəyyən qədər irəliləyişlər var. Onun fikrincə, 2008-ci ildə Rusiyanın qoşunları Cənubi Qafqazdan çıxarılacaq, bundan sonra Gürcüstan NATO-ya inteqrasiya edəcək və Azərbaycan da bu faktordan istifadə etməlidir.

Politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Qarabağ probleminin həllində mühüm addımlar atılır. Münaqişənin həlli üçün indiki dövrü "qızıl dövr" adlandıran Əhmədoğlunun fikrincə, bu ilin may ayından gələn ilin martınadək bu məsələdə böyük uğurlar qazanıla bilər.

Millət vəkili Pənah Hüseyn isə qeyd edib ki, Milli Məclisdə Qarabağla bağlı dinləmələr keçirilməli, siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmalıdır.

Dəvət olunmasına baxmayaraq, hakim Yeni Azərbaycan Partiyasından toplantıda iştirak edən

olmayıb. Tədbirin sonunda qərara alınıb ki, Qarabağla bağlı müzakirələr davam etdirilsin.

Xəbər lenti

Xəbər lenti