...

Azərbaycanlı professor: "Erməni ziyalıları Bakının inkişafına, gözəlliyinə həsədlə baxırdılar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın paytaxtında olan bir qrup erməni ziyalısı Bakının inkişafına, gözəlliyinə həsədlə baxırdılar. Bu fikirləri Dağlıq Qarabağ və Ermənsitandan səfərdən qayıtmış azərbaycanlı professor, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Trend ə müsahibəsində bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin başçılığı ilə bir qrup azərbaycanlı və erməni ziyalısı ATƏT-in xətti ilə iyunun 28-də Xankəndidə, Şuşada olub, buradan Ermənistana gedərək, prezident Robert Koçaryanla görüşüblər. Sonra nümayəndə heyəti Bakıya gəlib və onları Azərbaycan prezidenti qəbul edib.

Kamal Abdulla qeyd edib ki, şəhərimizi görən ermənilər Bakının dünya şəhəri olduğunu deyirdilər: "Mən demirəm ki, onlar Bakının inkişafını görüb sevinirdilər. Amma hiss edirdim ki, həsəd aparırdılar. Çünki Bakı Azərbaycanın çox böyük enerji qüvvəsinin, iqtisadi potensialını toplandığı şəhərdir. Yerevan isə adi bir şəhərdir. Biz Yerevanda olarkən bu şəhərdə yalnız üç-dörd yeni tikilən bina gördük. Yeni tikilən səfirlikləri, yəni xarici potensialı nəzərə almasaq, ermənilərin öz yenilikləri çox az idi. Onun müqabilində ermənilər Bakının böyük inkişafını gördülər"-deyə Kamal Abdulla vurğulayıb.

Professorun sözlərinə görə, erməni ziyalıları Bakı ilə tanış olarkən Ermənistanın işğalçı siyasətinin onlara heç bir fayda gətirmədiyi reallığını başa düşürdülər: "Şəhərimizə tamaşa edərkən ermənilər mat-məəttəl qalırdılar. Mən öz hissiyatımla duyurdum ki, ermənilər "biz guya öz "nailiyyətlərimizlə", yəni işğalla heç nəyə nail olmamışıq, əksinə uduzmuşuq" - deyə düşünürdülər. Bu fikri mən onların gözlərindən oxuyurdum. Bu baxımdan bizim onlar qarşısında mənəvi, prsixoloji üstünlüyümüz də var idi"-deyə KamalAbdulla qeyd edib.

Xəbər lenti

Xəbər lenti