...

AMİP sədri: "Müxalifət birliyə nail olmasa, xalqa deməyə heç bir sözü qalmayacaq"

Siyasət Materials 12 Sentyabr 2007 16:31 (UTC +04:00)
AMİP sədri: "Müxalifət birliyə nail olmasa, xalqa deməyə heç bir sözü qalmayacaq"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifət gələn ilki seçkidə də birliyə nail olmasa, o zaman xalqa deməyə heç bir sözü qalmayacaq. Bu fikirləri çərşənbə günü Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

AMİP, ADP, Müsavat, Sosial Demokrat, Tərəqqi partiyalarının, Azərbaycan Naminə Forumun rəhbərləri mütəmadi toplanaraq məşvərət aparırlar. Məşvərət şurasının çərşənbə günü keçirilən növbəti toplantısında 2008-ci il prezident seçkiləri, müxalifətin bu seçkidə iştirak formaları, ümumi strategiyası barədə müzakirlər aparılıb.

AMİP sədri bildirib ki, məşvərət şurasının əsas hədəfi gələn ilki prezident seçkilərində iştirak etməkdir. Ona görə də məşvərət şurasının seçki ərəfəsində konkret struktura çevrilməsi gözlənilir: "Müxalifətin konkret birliyinə ehtiyac var və bunu mövcud şərait tələb edir. Amma bəzi müxalifət partiyaları birliyə can atmaq əvəzinə, özlərini kənara çəkirlər. "Mənim öz blokum var" deməklə işlər düzəlmir" - deyə AMİP sədri "Azadlıq" blokuna yönələn fikir səsləndirib.

Onun sözlərinə görə, məşvərət şurası hələ formalaşmazdan əvvəl digər müxalifət partiyalarına, o cümlədən həmin bloka müraciət edilmişdi. Lakin hazırda məşvərət şurasında altı siyasi təşkilat təmsil olunur.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti