...

"Hərbi qulluqçuların intizam həbsi haqqında" qanun layihəsi hazırlanıb

Siyasət Materials 17 Sentyabr 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycan ordusunda komandirlərin tabeçiliyində olan hərbi qulluqçulara müvəqqəti həbs cəzası verməsi ləğv olunacaq. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, millət vəkili Əli Hüseynov məlumat verib.

"Hərbi qulluqçuların intizam həbsi haqqında" qanun layihəsi qəbul olunduqdan sonra hərbçilərin inzibati həbsi yalnız məhkəmənin qərarı ilə olacaq", -deyə Hüseynov bildirib.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında hazırlanıb.

Hazırda qüvvədə olan qaydalara görə, komandirlər tabeçiliyində olan hərbi qulluqçuları, xidmət qaydalarını və daxili Nizamnaməni pozduqları təqdirdə, inzibati qaydada həbs etmək hüququna malikdirlər.

Komissiya sədri qeyd edib ki, Azərbaycan Konstitusiyasına və Avropa Konvensiyasına görə, şəxsin azadlığı yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər: "Azərbaycan Avropa Konvensiyasını xüsusi qeydlə imzalayıb. Lakin indi qanunvericilikdə hərbçilərin inzibati həbsi ilə bağlı ziddiyyət yaranıb. Ona görə də belə bir qanunun qəbul olunmasına ehtiyac var".

Qanun layihəsi, rəy verilməsi üçün beynəlxalq təşkilatlara göndərildikdən və cavab alındıqdan sonra, parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti