...

Müxalifət partiyasının sədri: "Seçki komissiyaları partiya üzvü olmayan dövlət məmurlarından təşkil edilməlidir"

Siyasət Materials 21 Sentyabr 2007 16:09 (UTC +04:00)
Müxalifət partiyasının sədri: "Seçki komissiyaları partiya üzvü olmayan dövlət məmurlarından təşkil edilməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanın müxalifət partiyası olan Demokratik İslahatlar Partiyası seçki komissiyalarının siyasi partiyaların nümayəndələrindən deyil, dövlət məmurlarından təşkil olunmasını vacib hesab edir. Bu barədə cümə günü Bakıda Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü Asim Mollazadə məlumat verib.

"Azərbaycanın Seçki Məcəlləsinə ciddi dəyişiklik etməyə ehtiyac var. Bu, dəyişiklik, ilk növbədə, seçki komissiyalarını partiyaların inhisarından çıxarmaqla bağlı olmalıdır", -deyə Mollazadə bildirib.

Beynəlxalq təşkilatlar Azərbaycanın Seçki Məcəlləsində dəyişiklik edilməsini təklif edirlər. Bu məsələ ilə bağlı, Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında danışıqlar davam edir. Növbəti görüşün oktyabrın 20-21-də Bakıda keçirilməsi planlaşdırılır.

Beynəlxalq təşkilatlar seçki komissiyalarının iqtidar və müxalifət təmsilçilərinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmasını tələb edirlər. Müxalifətin bir hissəsi bu təklifi dəstəkləyir. Hakimiyyət isə, hesab edir ki, hazırkı format-iqtidar, parlamentdə azlıqda təmsil olunan partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşdırılan komissiyların fəaliyyəti beynəlxalq tələblərə cavab verir.

Mollazadə hesab edir ki, seçki komissiyaları hakim partiyanın tam monopoliyasındadır. Eyni zamanda, seçki komissiyalarını təşkil edən partiyalar öz təşkilatlarının maraqlarını qorumaq istiqamətində fəaliyyət göstərirlər: "Bu da bir sıra narazılıqların yaranmasına və seçki komissiyalarına inamın azalmasına səbəb olur. Ona görə də, ayrıca bir seçki qurumu yaradılmalıdır və seçkilər heç bir partiyaya üzv olmayan məmurlar tərəfindən keçirilməlidir. Siyasi partiyalar isə, seçki prosesində müşahidəçi qismində iştirak etməlidirlər. Bu prosesdə şəffaflıq təmin olunmalıdır ki, seçkiyə inam yaransın".

Onun sözlərinə görə, dünyanın heç bir yerində seçki prosesinin keçirilməsi siyasi partiyaların nümayəndələrindən ibarət olan komissiyalara tapşırılmır.

Partiya sədri bildirib ki, Azərbaycanın şəffaf seçki sistemi yaratması vacibdir. Bu zaman Avroatlantik məkanda mövcud olan demokratik seçki sistemlərindən istifadə oluna bilər.

"Bu sistemlər Azərbaycanda da qurulmalıdır. Dövlət məmurlarından ibarət seçki komissiyaları, bütün siyasi partiyaların inamını qazanmaq üçün, şəffaf şərait yaratmalıdırlar və demokratik seçki keçirməlidirlər", -deyə millət vəkili vurğulayıb.

Liberal-demokratik yönlü müxalifət partiyası olan Azərbaycan Demokratik İslahatlar Partiyası 2005-ci ildə yaradılıb. Partiyanın sədri, millət vəkili Asim Mollazadə 2000-2005-ci illərdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.

Xəbər lenti

Xəbər lenti