Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda seçki prosesinin keçirilməsi məsələsinin dövlət orqanlarından birinə tapşırılması mümkün deyil. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
"Seçki prosesinin təşkili məsələsini dövlət orqanlarından birinə tapşırmaqdansa, hazırki seçki komissiyalarının işinin təkmilləşdirilməsi daha vacibdir", - deyə Mirzəyev əlavə edib.
Azərbaycanda bir neçə siyasi partiya, o cümlədən hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri hesab edirlər ki, Azərbaycanda seçkilərin təşkili dövlət strukturlarından birinə tapşırılmalıdır. İnkişaf etmiş Qərb ölkələrində seçkiləri dövlət orqanları təşkil edirlər.
Mirzəyev vurğulayıb ki, Qərb ölkələrində seçkiləri, əsasən , Daxili İşlər Nazirliyi təşkil edir: "Lakin, həmin ölkələrdə Daxili İşlər Nazirliyi təkçə güc strukturu kimi fəaliyyət göstərmir. Eyni zamanda, yerli icra strukturları da Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərir. Azərbaycanda isə, belə bir ənənə yoxdur. Azərbaycanda həmişə seçki prosesinin keçirilməsinə Mərkəzi Seçki Komissiyası rəhbərlik edib. Ona görə də MSK-nı saxlamaq lazımdır. Bu strukturun DİN-ə verilməsi mümkün deyil".