...

Müxalifətyönlü partiya qeydiyyata alınmaması ilə bağlı etiraz aksiyaları keçirəcək

Siyasət Materials 1 Oktyabr 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yeni Zaman Partiyasının qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciətinə müsbət cavab verilməsə, partiya etiraz aksiyalarına başlayacaq. Bu barədə Trend ə Yeni Zaman Partiyasının sədri Musa Ağayev məlumat verib.

Partiya bu ilin iyulunda təsis olunub və dövlət qeydiyyatına alınması üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim olunub.

Ağayev bildirib ki, qanunvericiliyə görə, sənədlərə 35 gün ərzində baxılıb cavab verilməli idi. Lakin iki ay vaxt keçməsinə baxmayaraq, partiyanın qeydiyyata alınıb-alınmaması ilə bağlı hər hansı cavab verilməyib.

"Bu həftə bizə Ədliyyə Nazirliyindən cavab verilməlidir. Biz hesab edirik ki, sənədlərimizdə çatışmazlıqlar yoxdur, ona görə də müsbət cavab olmasa, etiraz tədbirləri keçirəcəyik" - deyə partiyanın sədri bildirib.

Ağayevin sözlərinə görə, qeydiyyat məsələsinin qanuna zidd olaraq gecikdirilməsi davam edərsə, partiya Ədliyyə Nazirliyini məhkəməyə də verə bilər.

Yeni Zaman Partiyası özünü iqtidara qarşı müxalifətçi elan edib, sağ mərkəzçi mövqedə dayanır.

Xəbər lenti

Xəbər lenti