...

"Azadlıq" bloku seçki komissiyalarının formalaşdırılmasına dair təklifini dəyişməyəcək

Siyasət Materials 2 Oktyabr 2007 14:55 (UTC +04:00)
"Azadlıq" bloku seçki komissiyalarının formalaşdırılmasına dair təklifini dəyişməyəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının narazılıqlarına baxmayaraq, "Azadlıq" bloku seçki komissiyalarının formalaşdırılması ilə bağlı təkliflərini dəyişməyəcək. Bu fikirləri Trend ə açıqlamasında "Azadlıq" blokunun həmsədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Üç müxalifətçi partiyanı birləşdirən "Azadlıq" bloku Azərbaycanın Seçki Məcəlləsində 20 prinsipial məsələ ilə bağlı əlavə və dəyişikliklərə dair təkliflər sənədi hazırlayıb və Avropa Şurası Venesiya Komissiyasına təqdim edib. Təkliflərdən biri odur ki, seçki komissiyalarının tərkibi son parlament seçkilərində (2005-ci il) namizədləri ölkə üzrə ümumi səslərin bir faizindən çoxunu toplamış partiyalardan ibarət formalaşdırılsın. Bu isə nəticə etibarilə seçki komissiyalarının yeddi partiyanın - bir hakim Yeni Azərbaycan Partiyası, altı müxalifət partiyasının (ADP, ALP, AXCP, AMİP, ASDP, Müsavat partiyaları) nümayəndələrindən ibarət olması deməkdir.

Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bildirib ki, "Azadlıq" blokunun bu təklifinin reallaşması inandırıcı deyil, çünki hakimiyyət bununla razılaşmayacaq. Müsavat ən real variant kimi seçki komissiyalarının iqtidarla müxalifət arasında paritet (bərabər) bölünməsini təklif edir. Ümid, ADP, AMİP və digər müxalifət partiyaları da seçki komissiyalarının paritet formalaşmasını tələb edirlər.

Əli Kərimli bildirib ki, digər partiyaların fərqli mövqelərinə baxmayaraq, "Azadlıq" bloku öz təklifini dəyişməyəcək. O, Müsavat funksionerinin fikirləri ilə də razılaşmayıb: "Hakimiyyətin ehtiyacı yoxdur ki, kimsə onun adından mövqeyini izah etsin. "Azadlıq" blokunun təklifləri Avropa Şurasının, ATƏT-in mövqeyi ilə uzlaşırsa, ötən seçkilərin nəticələrinə əsaslanırsa, özünü müxalifətdə hesab edən partiyalar bizim təklifləri etirazla qarşılamamalıdır" - deyə Kərimli bildirib.

O əlavə edib ki, Avropa Şurası Venesiya Komissiyası və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə Seçki Məcəlləsinin müzakirələrinə dair gələn ay Bakıda keçiriləcək toplantıda blok rəhbərləri iştirak edəcək. Həmin müzakirələrdə onlar öz təkliflərini bir daha təqdim edəcəklər: "Venesiya Komissiyasının rəhbərliyindən məktub almışıq ki, bizim irəli sürdüyümüz təkliflər Azərbaycan hökuməti ilə müzakirələrdə nəzərə alınır" - deyə Kərimli məlumat verib.

Xəbər lenti

Xəbər lenti