...

Azərbaycan prezidenti Ramazan bayramı münasibəti ilə xalqı təbrik edib

Siyasət Materials 11 Oktyabr 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Ramazan bayramı münasibəti ilə xalqı təbrik edib.

Prezident təbrikində bildirir ki, dünya müsəlmanlarının müqəddəs kitabı Qurani-kərimin nazil olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə birliyə dəvət edir, onlara əxlaqi saflığın və zənginliyin, cismani-ruhi kamilliyin fərəhini yaşadır, mənəvi ucalığın nəfs üzərində qələbə təntənəsini nümayiş etdirir. Prezident qeyd edir ki, Azərbaycan xalqı tarixi boyu həmişə Uca Tanrıya tapınıb, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq qalıb. Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərib. Dövlət başçısı hesab edir ki, Azərbaycan övladlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir. Prezident Əliyev öz canlarını Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda qurban vermiş qəhrəman övladların xatirəsini bayram günlərində böyük ehtiramla yad edərək, onlara Allahdan rəhmət diləyib. "Əminəm ki, müqəddəs dinimiz yolunda nəcib əməlləriniz, Azərbaycanın əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Ulu Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcək"-deyə İlham Əliyev təbrikində bildirib.

Xəbər lenti

Xəbər lenti