...

Müxalifət partiyası yürüş-mitinqini təxirə saldı

Siyasət Materials 17 Oktyabr 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Müsavat Partiyası oktyabrın 18-də Bakının mərkəzində keçirməyi planlaşdırdığı yürüş-mitinqi təxirə salıb. Bu barədə çərşənbə günü Trend ə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Müsavat Partiyası Azərbaycanın müstəqillik aktının qəbul olunmasının (1991-ci il 18 oktyabr) 16-cı ildönümü ilə əlaqədar oktyabrın 18-də saat 17.00-dan 19.00-dək Bakının mərkəzində - İstiqlaliyyət küçəsindən (Metronun "Bakı Soveti" stansiyasının qarşısı) yürüşlə başlayıb, Qoşa Qala qapısının önündə yerləşən Gənclik meydanında mitinq keçirməyi planlaşdırırdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti çərşənbə axşamı bu tədbirin keçirilməsinə icazə vermədiyini açıqlayıb. İcra Hakimiyyətinin partiyaya ünvanladığı cavab məktubunda bildirilib ki, həmin marşrut insanların və avtomobillərin sıx olduğu yerdir və buna görə orada kütləvi aksiyanın keçirilməsi məqsədəuyğun sayılmır. Hacılı bildirib ki, Müsavat Partiyası polislə qarşıdurma yarananması və bayram günü əhval-ruhiyyənin korlanmaması üçün çərşənbə günü yürüş-mitinqi keçirməməyə qərar verib.

1991-ci ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən qəbul olunan "Müstəqillik haqqında Akt" ilə Azərbaycan SSRİ-nin tərkibindən çıxdığını elan edib və öz müstəqilliyini bərpa edib. Müstəqillik günü ilə əlaqədar Bakıda və Azərbaycanın digər şəhərlərində yalnız rəsmi səviyyədə küçə və parklarda bayram tədbirləri keçirilir.

Müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Bu partiya özünü XX əsrin əvvəlində yaradılmış və ilk Azərbaycan Milli Hökumətini yaratmış Müsavat Partiyasının varisi hesab edir.

Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd ,eləcə də,həmin seçkidə qazandığı səslərin sayına görə 8 namizəd arasında ikinci olub. Müsavat Partiyası Milli Məclisdə 4 deputatla təmsil olunur və müxalifət partiyaları arasında,üzvlərinin sayına, nüfuzuna görə aparıcı partiyalardan biri sayılır.

Xəbər lenti

Xəbər lenti