...

"Azadlıq" bloku həmsədri: "Seçki Məcəlləsinin müzakirələri formal xarakter daşıyır"

Siyasət Materials 6 Noyabr 2007 16:11 (UTC +04:00)
"Azadlıq" bloku həmsədri: "Seçki Məcəlləsinin müzakirələri formal xarakter daşıyır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Avropa Şurasının Venesiya Komissiyası və İFES-in birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 7-8 və 9-da Bakıda keçiriləcək Seçki Məcəlləsinin müzakirələrinə dair toplantılarda iştirak etməyəcək. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında "Azadlıq" blokunun həmsədri Əli Kərimli açıqlama verib.

Sözügedən toplantılarda Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi - konkret olaraq seçkilərlə əlaqədar şikayətlərə baxılması və seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələləri müzakirə olunacaq.

Kərimli bildirib ki, həmin tədbirin geniş formatda keçiriləcəyini, 17-18 partiyanın iştirak edəcəyini öyrəniblər və buna görə də orada iştirakdan imtina edirlər. "Azadlıq" bloku hesab edir ki, seçki komissiyalarının tərkibi son parlament seçkilərində iştirak edən və 1 faizlik baryeri aşmış partiyalardan (hakim partiya YAP və müxalifətdən AXCP, ADP, ALP, Müsavat) ibarət formalaşdırılmalı və ona görə də müzakirələrdə müxalifət adından məhz dörd partiya iştirak etməlidir.

Kərimli bildirib ki, "Azadlıq" blokunun ADP və Müsavatla bir araya gələrək irəli sürdükləri vahid təkliflər ATƏT-in hələ 2002-ci ildə tövsiyə etdiyi təkliflərdir: "ATƏT təklif etmişdi ki, Azərbaycanın seçki komissiyalarında müxalifət adından seçkilərdə iştirak etmiş və seçicilərin ümumi səslərinin 1 faizindən çoxunu toplamış partiyalar təmsil olunsun. Bu meyar indi bizim hazırladığımız təkliflər paketində əksini tapıb".

Kərimli əlavə edib ki, noyabrın 7-8 və 9-da keçiriləcək müzakirələr formal xarakter daşıyır. Onun sözlərinə görə, əgər həqiqətən də etimad qazanan komissiyalar formalaşdırılsa, bunun ardınca ölkədə əlverişli seçki mühiti yaradılsa, "Azadlıq" bloku gələnilki prezident seçkisində iştirak edəcək.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti