...

Konstitusiya Məhkəməsinin sədri: "Bəzən hakimlər qərar qəbul edərkən köhnə stereotipləri və qaydaları rəhbər tuturlar"

Siyasət Materials 9 Noyabr 2007 12:57 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin sədri: "Bəzən hakimlər qərar qəbul edərkən köhnə stereotipləri və qaydaları rəhbər tuturlar"

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Trend ə eksklüziv müsahibəsi

- Azərbaycan Konstitusiyasının qəbulundan 12 il ötür. Konstitusiyaya əlavə və dəyişikliklərə ehtiyac varmı? Ehtiyac varsa, hansı sahələrdə?

- Qanunvericilik sisteminə daxil olan digər aktlara nisbətdə Konstitusiya dəyişikliklərə az məruz qalan sənəddir. Odur ki, onun məzmununa tez-tez dəyişikliklər edilməsi birmənalı qəbul olunmur. Konstitusiyanın qəbulundan 12 il ötür. Əsas Qanunun fəaliyyəti üçün bu, o qədər də böyük müddət deyil. Fikrimcə, bü gün Əsas Qanunda dövlətin fəaliyyətini, şəxsin hüquq və azadlıqlarının həyata keçirilməsini çətinləşdirən zəif yerlər yoxdur. Ölkəmizdə artıq qanunların olmaması və ya onların keyfiyyətsizliyi dövrü arxada qalıb, hazırda əsas diqqət qanunların lazımi səviyyədə icra edilməsinə yönəldilməlidir.

Qeyd olunan mənada bu gün xüsusi konstitusiya islahatlarının həyata keçirilməsinə və Konstitusiyanın mətninə dəyişiklər edilməsinə ciddi ehtiyac görmürəm.

Bununla belə, yuxarıdakı prinsiplərdən yanaşaraq cəmiyyətin inkişafından və zamanın tələbindən irəli gələn pozitiv islahatların da qarışısını süni şəkildə almaq olmaz. Bu məsələlərdə müəyyən bir tarazlıq gözlənilməlidir.

Digər tərəfdən cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində mövcud olan tərəqqi, siyasi sistemin və hüquq sisteminin inkişafı heç də həmişə Konstitusiya dəyişikliklərini doğurmur. Konstitusiya canlı sənəddir və onun şərhi cəmiyyətin inkişafından yaranan tələblərə uyğun dəyişir. Eyni zamanda, bu inkişafdan irəli gələn bəzi məsələlər Konstitusiyanın və qanunların ayrı-ayrı müddəalarının rəsmi şərhi, Konstitusiya Qanunlarının qəbul edilməsi, Konstitusiyanın və qanunvericiliyin prinsiplərinə zidd olmayan təcrübənin formalaşdırılması yolu ilə öz həllini tapır.

- Azərbaycanın qanunvericiliyi ilə İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququ arasında yaranan ziddiyyətləri araşdıran və konkret təkliflərlə çıxış edən dövlət qurumunun yaradılması vacibdirmi? Azərbaycanda bu problemlə məşğul olan qurum varmı?

- Hüquq tətbiqedici institut kimi məhz məhkəmə orqanları öz təcrübələrində qanunvericilikdə olan ziddiyyət və boşluqlara daha tez-tez rast gəlirlər. Bu onlara həmin ziddiyyətləri effektiv şəkildə araşdırmaq imkanı verir. Məhkəmələr və digər hüquq tətbiqedici orqanlar mövcud qanunvericiliklə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedenti arasında ziddiyyətləri daha yaxından müşahidə edirlər.

Əgər söhbət ölkəmiz üçün xoşagəlməz nəticələrin ortaya çıxmasının qarşısını almaqdan gedirsə, burada əsas problem uyğunluğa nəzarəti həyata keçirən orqanın yaradılmasında deyil, Avropa Məhkəməsinin qərarlarının icrasını təmin etməkdə və artıq çıxarılmış qərarlarının təkrarlanmasına yol verməməkdədir. Çünki Avropa Məhkəməsinin oxşar pozuntularla bağlı eyni dövlətə qarşı təkrar qərarlar qəbul etməsi, bunun artıq həmin dövlətdə sistem problemi olması kimi qəbul edilir və dövlət üçün daha ağır nəticələrə səbəb olur. Avropa Məhkəməsinin presedentini tətbiq etmək üçün bu orqanın bizə qarşı qərar qəbul etməsini gözləmək olmaz. Çalışmaq lazımdır ki, məhkəmələr işlərə baxarkən, insan hüquqları ilə bağlı məsələlərin həllində Avropa Məhkəməsinin formalaşdırdığı dəyərlərdən istifadə etsinlər, insan hüquqlarına və əsas azadlıqlara məhdudiyyətlər qoyulmasında həmin Məhkəmənin müəyyənləşdirdiyi meyarlardan çıxış etsinlər. Avropa Məhkəməsinin nəzarət mexanizminin əsasında duran subsidiarlıq prinsipi tələb edir ki, ilkin olaraq hər bir ölkə özü dövlətdaxili səviyyədə Konvensiyanı və Məhkəmənin presedentini səmərəli tətbiq etsin.

Digər tərəfdən, Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən qərar qəbul edilməsini faciə kimi də qəbul etmək olmaz, buna təbii proses kimi baxmaq lazımdır. Bizim ölkə bu beynəlxalq məhkəmənin yurisdiksiyasını könüllü olaraq tanıyıb. Həmin seçim onunla şərtlənib ki, Avropa Məhkəməsinin təcrübəsi yerli məhkəmələrin fəaliyyətinə təsir edəcək, ölkəmizdə insan hüquqlarının Avropa dəyərlərinə uyğun tətbiqini istiqamətləndirəcək. Sözsüz ki, bundan sonra özünü doğrultmayan, Konvensiya öhdəlikləriilə bir araya sığmayan normaları qanunvericilik sistemindən çıxarmaq mümkündür. Avropa ölkələrinin təcrübəsində bir çox misallar var ki, Avropa Məhkəməsinin qərarından sonra daxili qanunvericiliyə zəruri dəyişikliklər edilib, müəyyən qanunlar qüvvədən düşüb və ya onlarda nəzərdə tutulan məhdudiyyətlər aradan qaldırılıb.

Göstərilən məsələdə Konstitusiya Məhkəməsi də mühüm rola malikdir. Sizə məlumdur ki, Konstitusiya Məhkəməsi həm Konstitusiyanın və qanunların şərhinə dair, həm də müxtəlif aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair bir çox qərarlarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə istinad edib.

- Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarlarda məhkəmələrin maddi və prosessual pozuntulara yol verdikləri göstərilib. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun qərarları ilə Ali Məhkəmənin qəbul etdiyi onlarla qərar qüvvədən düşmüş hesab edilib. Məhkəmələrin fəaliyyətindən narazılıqlar nə ilə bağlıdır - hakimlərin qeyri-peşəkarlığı, qanunvericilikdəki boşluqlar, yoxsa məhkəmələrin müstəqil olmaması, korrupsiyalaşması?

- Etiraf olunmalıdır ki, ölkəmizdə məhkəmələrin fəaliyyəti hələ də qənaətbəxş səviyyədə deyil. Bu, konkret obyektiv və subyektiv amillərlə şərtlənir və onların arasında sizin sadaladığınız problemlər də mövcuddur.

Avropa Məhkəməsi bu günədək Azərbaycana qarşı 7 yekun qərar qəbul edib və müvafiq olaraq ərizəçilərin Konvensiya ilə qorunan hüquqlarının pozulduğu qənaətinə gəlib. Həmin qərarlardan üçündə (Hacıyev Azərbaycana qarşı (2006), Tarverdiyev Azərbaycana qarşı (2007), Əfəndiyeva Azərbaycana qarşı (2007) işlər) ərizəçinin ədalətli məhkəmə hüququnun (Konvensiyanın 6-cı maddəsi) pozulduğu müəyyən edilib.

Ali Məhkəmənin qərarlarının Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salınmasına gəldikdə isə qeyd etmək istərdim ki, konstitusiya şikayəti institutunun ölkəmizdə fəaliyyətə başladığı dövrdən - 2004-cü ilin yanvar ayından bu günədək Konstitusiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin 50 qərarı müvafiq pozuntularla əlaqədar Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilərək qüvvəsini itirmişdir.

Yalnız beynəlxalq məhkəmə və ya konstitusiya nəzarəti orqanı tərəfindən məhkəmə qərarlarının ləğv edilməsi məhkəmələrin fəaliyyəti haqqında tam təsəvvür yarada bilməz. Bu gün Avropanın inkişaf etmiş ölkələrində də ümumi yurisdiksiyalı məhkəmələrin qərarları Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salınır, yaxud Avropa Məhkəməsi həmin dövlətə qarşı şikayətlər üzrə ədalətli məhkəmə hüququnun pozulduğunu müəyyən edir.

Hamımıza məlumdur ki, son illər Azərbaycanda məhkəmə-hüquq islahatları həyata keçirilir. Məhkəmələrin maddi-texniki təchizatının yaxşılaşdırılmasını, hakimlərin müstəqilliyinin peşəkarlıq səviyyəsinin və sosial müdafiəsinin gücləndirilməsini əhatə edən bu islahat uzunmuddətli proses olmaqla, müəyyən fasilələrlə həyata keçirilir. Bu isə izah olunandır, çünki məhkəmə sisteminin bütün qüsurlarını eyni vaxtda aradan qaldırmaq mümkün deyil. Təcrübə göstərir ki, keçid dövründə həyata keçirilən məhkəmə islahatları həmçinin, yeni cəmiyyətlərin qarşılaşdığı çətinliklərlə müşayiət olunur, məhkəmə sisteminin yenidən təşkilinə mənfi təsir göstərən, məhkəmə islahatlarını ləngidən yeni hallar meydana çıxır.

Bununla yanaşı, məhkəmələr həcmi günbəgün artan işlərə baxılmasını çatdıra bilmir. Bazar münasibətlərinin inkişaf etdiyi, şəxsiyyətə, onun şərəf və ləyaqətinə, hüquq və azadlıqlarına diqqətin artdığı bir şəraitdə isə bu tamamilə təbiidir. Həmçinin, məhkəmə korpusunun genişləndirilməsi, yeni təyin olunan kadrların lazımi səviyyəyə çatması müəyyən vaxt tələb edir. Bütün bunlar isə onunla nəticələnir ki, hakimlərin işinin səmərəliliyi xeyli aşağı düşür, ədalət mühakiməsinin həyata keçirilməsində ciddi səhvlərə, subyektiv hallara yol verilir. Bu isə öz növbəsində cəmiyyətin məhkəmələrə olan etimadsızlığının güclənməsinə səbəb olur.

Digər tərəfdən, hər bir məhkəmə qərarının qəbulunun arxasında konkret bir insan - hakim durur və o, hər bir şəxsə, insana xas olan səhvlərdən məhrum deyil. Təəssüf ki, bəzən hakimlər özləri də köhnə stereotipləri və qaydaları rəhbər tuturlar, hüquq və ədalət naminə müstəqil ədalət mühakiməsini həyata keçirməyə hazır olmadıqlarını nümayiş etdirirlər. Halbuki, öz fəaliyyətində subyektivliyi mümkün qədər obyektivliklə əvəz etmək hər bir Femida qulluqçusunun peşə vəzifəsi və mənəvi borcudur. Bütün bunlara baxmayaraq, həyata keçirilən islahatlar və görülən konkret tədbirlər qeyd olunan sahədə optimist düşünməyə kifayət qədər əsas verir və mən inanıram ki, yaxın gələcəkdə biz daha pozitiv dəyişikliklərin şahidi olacağıq.

- Vətəndaşlardan daxil olan şikayətlər daha çox hansı sahələri əhatə edir? Sistemli hal alan pozuntuların minimuma endirilməsi üçün Konstitusiya Məhkəməsi hansı tədbirləri həyata keçirir?

- Daxil olan şikayətlərin Məhkəmə Aparatının müvafiq strukturları tərəfindən mütəmadi olaraq aparılan analizi göstərir ki, əvvəlki illərdə olduğu kimi cari il ərzində də şikayətlərin böyük hissəsini (1000-dən artıq ərizə və şikayətin 450-dən çoxunu) məhkəmə aktlarından verilən şikayətlər təşkil etmişdir. Həmin şikayətlər mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrdəndir. Həmçinin şikayətlərin təhlili göstərir ki, mübahisələr əsasən mülkiyyət hüququ ilə əlaqədardır (əmlak payının verilməməsi, sahibkarlıq fəaliyyəti, alqı-satqı, girov muqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv olunması, torpaq sahələrinin ayrılması və istifadə edilməsi, vərəsəlik hüququnun tanınması, daşınar, daşınmaz əmlakın, qiymətli əşyaların sahibə qaytarılması və s.). Hesab edirəm ki, keçid dövrünü yaşayan və xüsusi mülkiyyət hüququnun daha böyük aktuallıq kəsb etdiyi cəmiyyət üçün bu təbii bir haldır.

Pozuntu hallarının qarşısının alınmasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin yeganə təsir tədbiri onun qəbul etdiyi qərarlardır. Bu qərarlarda Məhkəmə konkret işlər üzrə öz nəticələrini ifadə etməklə yanaşı, həm də xüsusi aktuallıq kəsb edən məsələlərlə bağlı öz hüquqi mövqelərini formalaşdırır, müxtəlif hüquq normalarının mahiyyəti barədə rəsmi mövqeyini ifadə edir.

Məhkəmənin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Bu mənada hesab edirəm ki, Konstitusiya Məhkəməsinin mövqelərinin ümumi məhkəmələr tərəfindən nəzərə alınması digər mübahisələrin həllində oxşar səhvlərin aradan qaldırılması üçün mühüm vasitədir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin öz qərarlarında İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarından və Avropa Məhkəməsinin presedentindən çıxış etdiyini nəzərə alaraq deyə bilərəm ki, onun qərarlarının lazımi qaydada icrası həm də gələcəkdə Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarlarının sayının artmasına mane ola bilər.

Xəbər lenti

Xəbər lenti