...

Ağstafada maye qazdoldurma məntəqəsindəki partlayışla bağlı cinayət işi məhkəməyə göndərilib

Siyasət Materials 29 Noyabr 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Ağstafa rayonunda üç nəfərin ölümü, altı nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Ağstafa rayon prokuroru Mübariz Nəcəfov cümə axşamı Trend ə bildirib ki, partlayış baş vermiş maye qazdoldurma məntəqəsinin sahibi Rəhim Kərimov və Ağstafa bələdiyyəsinin sədri Çingiz Qurbanova qarşı ittiham irəli sürülüb.

Avqustun 29-da saat 11.30 radələrində Ağstafa şəhəri, 28-ci məhəllədə Kərimovun qanunsuz işlətdiyi maye qazdoldurma məntəqəsində yanğın baş verib.Nəticədə hadisə yerində olan 9 nəfər xəsarət alıb və onlardan üçü xəstəxanada dünyalarını dəyişib. Hadisə ilə əlaqədar Ağstafa rayon Prokurorluğu avqustun 29-da Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmuş partlayış təhlükəli obyektlərdə təhklükəsizlik qaydalarını pozma (223.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Prokuror bildirib ki, Qurbanova Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308), vəzifə səlahiyyətlərini aşma (309) və vəzifə saxtakarlığı (313), Kərimova isə əmək mühafizəsi qaydalarını pozma (162.2), torpaq üzərində mülkiyyət hüququnu pozma (188), partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma (223) və özbaşınalıq (322) maddələri ilə ittiham elan olunub. Cinayət işi Ağstafa rayon məhkəməsində icraata verilib.

İstintaqla müəyyən edilib ki, Kərimovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə müraciəti üzrə ona Ağstafa bələdiyyəsinin sədri Qurbanovun 2004-cü il 21 iyul tarixli sərəncamı ilə vəzifə səlahiyyətindən sui-istifadə edilərək 110.000 voltluq yüksək gərginliyə malik elektrik xəttinin mühafizə zonasında yerləşən 200 kvadratmetr torpaq sahəsi ayrılıb. Bundan sonra Kərimov ona qanunsuz ayrılmış torpaq sahəsində 2004-cü ilin axırlarında müvafiq dövlət qurumları ilə razılaşdırmadan maye qazdoldurma məntəqəsi inşa edərək texniki təhlükəsizlik qaydalarını pozmaqla fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti