Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir, D.Xatınoğlu/ İran və ABŞ XİN başçılarının nüvə probleminin həllinə dair son bəyanatları, tərəflərin müzakirəyə maraqlı olduqlarını qöstərir. "İran və ABŞ rəsmiləri öz bəyanatları ilə ikitərəfli müzakirələrin keçirilməsinə maraqlarını bildirirlər"- deyə, Iran politoloqu Cəfər Məhəmmədi (Jafar Mohammadi) bildirib.
Reuters Agentliyinin yanvarın 23-də yaydığı məlumata əsasən, ABŞ Dövlət katibi Kondoliza Rays bildirib ki, Vaşinqton Tehranla olan gərginliyi aradan qaldırmaq üçün birbaşa müzakirəyə hazırdır. Rays, müzakirələrin keçirilməsinə şərt kimi, İranın uranın zənginləşdirilməsi planını dayandırmasını qoyub. İranın İRNA Agentliyinin yanvarın 25 - də yaydığı məlumata əsasən, İran XİN rəhbəri Mənuçehr Müttəki dolayısıyla Raysın təşəbbüsunu müsbət dəyərləndirərək, ABŞ rəsmilərini, İranla bağlı yol verdiyi səhvlərə görə, rəsmi Tehrandan üzr istəməyə çağırıb.
Məhəmmədi şənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, hər iki ölkə müzakirəyə meyllidir və qeyri-rəsmi şəkildə ikitərəfli müzakirələrin keçirilməsinə "yaşıl ışıq" göstərib. "Problem iki ölkənin bir-birinə verəcəyi imtiyaza nə dərəcədə hazır olmasındadır. BMT Təhlükəsizlik Şurası (TŞ) İran əleyhinə 3-cü Qətnaməni qəbul etsə, müzakirələrin həyata keçirilməsi mümkun olmayacaq. ABŞ Qətnamənin qəbuluna çalışır. İran uranın zənginləşdirilməsini dayandırsa, ABŞ-dan buna qarşı imtiyaz tələb edəcək və bu tələbində haqlıdır. ABŞ istəyir ki, BMT TŞ -nın rəsmi Tehran əleyhinə qəbul edilən Qətnamələrini, İrana imtiyaz olaraq, ləğv etsin və əlavə güzəştlərə getməyə məcbur olmasın. Buna görə, İran əleyhinə 3-cü Qətnamənin qəbul olunmasına ciddiyyətlə çalışır"- deyə, Məhəmmədi bildirib.
Məhəmmədinin fikrincə, İran hazırda Rusiyadan çox ABŞ-a güvənir və inanır.
Yanvarın 22 - də BMT TŞ -nin daimi üzvləri (5+1 ölkələri) İran əleyhinə 3-cü Qətnamənin ilkin variantını hazırlamaqda ortaq məxrəcə gəliblər. Yeni Qətnamədə, İranın "Milli" (Melli) və "Sadirat" (Saderat) banklarına sanksiya qoyulması, nüvə planı ilə bağlı İranın bəzi şirkətlərinin və rəsmi şəxslərinin xarici hesablarının dondurulacağı, sığorta şirkətlərinə məhdudiyyət yaradılacağı və nüvə texnologiyaları üzrə təhsil almaq istəyən tələbələrin xarici üniversitetlərə daxil olmalarına qadağa qoyulacagı öz əksini tapıb. Rusiya İranı müdafiə edəcəyini vəd etsə də, yeni Qətnaməyə veto qoymayıb.