...

Bagdad kürdlərə təzminat vermək fikrində deyil - iraqlı deputat

Siyasət Materials 31 Yanvar 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar / "Trend , müxbir R.Hafizoğlu/ Səddam Hüseynin hakimiyyəti zamanı qətlə yetirilən kürdlərə görə İraq hökümətindən təzminat istənilməsi əsassızdır. "Kürdlərə təzminat verilməyəcək"-deyə İraq millət vəkili Fövzi Tərzioğlu bildrib.

Anadolu agentliyinin verdiyi məlumata görə, İraqın Ərbildəki yerli kürd adminstrasiyasının başçısı Neçirvan Bərzani hazırkı hökumətdən Səddam rejiminin Hələbçə şəhərində qətlə yetirdiyi kürdlərə görə üzr istəməsini və kürdlərə təzminat ödəməsini tələb edib. O, İraqda 1988-ci ildə qətlə yetirilən 5 min insanın faciəsinin Holokost kimi dünya kürdlərinin soyqırımı kimi tanıladacağını bildirib.

Ekspertlər Bərzaninin belə bir tələblə çıxışının İraqda vəziyyəti daha da gərginləşdirəcəyinə, kürdlər və ərəblər arasında yeni münaqişələrə səbəb olacağını ethimal edirlər.

"Bərzaninin İraq hökumətindən Səddamın kürdləri qətlə yetirməsinə görə üzr istəməsi tələbi milli təəssübkeşlikdir" - deyə cümə axşamı iraqlı millət vəkili Fövzi Əkrəm Tərzioğlu telefonla Kərkükdən Trend ə bildirib.

Tərzioğlu hesab edir ki, İraq hökuməti Bərzaninin bu tələbinin yerinə yetirməyəcək və kürdlərə təzminat verilməyəcək.

"Səddam təkcə kürdlərin deyil ,ona müxalif olanların düşməni idi. Millətindən və məzhəbindən asılı olmayaraq minlərlə insan Səddam cinayətlərinin qurbanı olub"-deyə Tərzioğlu bildirib.

Millət vəkilinin fikrincə, hazırkı hökumət Səddamın işlətdiyi cinəyətlərə görə məsuliyyət daşımır.

"Mən əminəm ki, Bərzaninin bu tələbi kürdlərlə ərəblər arasında olan uçurumu dərinləşdirə bilər"-deyə o qeyd edib.

Kürdistan İslam İttihadının başçısı Səlahəddin Məhəmməd Bəhaəddin də Trend ə bildirib ki, Bərzaninin kürdlərin qətlini dünyaya soyqırım kimi tanıtmaq istəyi milli təəssübkeşlikdir.

"Səddam bir cinayətkar idi və bütün İraq xalqına zülm edib. İraq kürdər, şiələr və sünnülərin birgə yaşadığı bir ölkədir. Bu ölkədə bir millətin maraqları digərinkindən üstün tutula bilməz"-deyə Səlahəddin cümə axşamı elektron poçt vasitəsilə Trend ə bildirib.

O hesab edir ki, Səddam hakimiyyəti zamanı tək kürdlər deyil, ərəblər də kütləvi şəkildə qırılıb.

"Bərzaninin "kürd soyqırımı"na görə İraq hökumətindən təzminat tələb etməsi ərəblərlə kürdlər arasında yeni iğtişaşlarla nəticələnə bilər"-deyə Kürdistan İslam İttihadının başçısı bildirib.

İraqın sabiq prezidenti Səddam Hüseynin hakimiyyəti dövründə, 1988-ci ildə İraq Ordusunun kürdlərin kompakt yaşadığı Hələbçə şəhərinə etdiyi kimyəvi hücum zamanı 5 min nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti