...

Müxalifət partiyası rəhbərləri polislər tərəfindən saxlanılıb

Siyasət Materials 9 Fevral 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir S.İlhamqızı/Müxailfətçi Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Milli Demokratiya Partiyasının sədri İsgəndər Həmidov şənbə günü Salyan rayonunda yol polisləri tərəfindən saxlanılıblar. Bu barədə hadisə yerindən Trend ə Mirəlioğlu məlumat verib.

Mirəlioğlu və Həmidov bu gün Yardımlı rayonuna, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının anasının yas məclisində iştirak etmək üçün gedən zaman, Yardımlıya çatmamış, Salyan rayonu ərazisində yol polisləri Həmidovun idarə etdiyi maşını saxlayıb, sənədləri yoxlayıblar.

Mirəlioğlunun dediyinə görə, avtomobili idarə etmək üçün verilmiş etibarnamə də sənədlərin arasında olub, lakin polislər onu götürüb və guya bu sənədin olmadığını bildiriblər. Polislər avtomobili cərimə meydançasına aparıblar.

"Bizi zorla polis maşınına oturtdular və Salyan rayon Polis İdarəsinə apardılar. Lakin yolda polislər təlimat aldıqdan sonra bizi geriyə, polis postuna qaytardılar. İki saat yarım bizi polis postunda saxladıqdan sonra etibarnaməni üzə çıxardılar və bizi sərbəst buraxdılar. Lakin Yardımlıya getməyə icazə verilmədi, bildirdilər ki, Bakıya geri qayıda bilərik" - deyə Mirəlioğlu bildirib.

Müxalifət təmsilçiləri polislərin bu addımını növbəti dəfə özbaşınalıq, öz səlahiyyətlərini aşmaq kimi qiymətləndirirlər.

Demokratiya Uğrunda İttifaqa daxil olan KXCP, MDP və Azadlıq partiyalarının rəhbərləri bundan əvvəl Bərdə rayonunda zona müşavirəsi keçirməyə nail ola bilməyiblər. Bərdə polisi də onları rayonu buraxmayıb, tədbirlərini keçirmək üçün rayon İcra Hakimiyyətindən icazə alınmadığını səbəb kimi göstərib.

Xəbər lenti

Xəbər lenti