...

BMT MAQATE-nin məruzəsinə baxmayaraq, İrana qarşı yeni sanksiyalar tədbiq etmək fikrindədir - ekspertlər

Siyasət Materials 22 Fevral 2008 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir D.Xatınoğlu/ BMT Təhlükəsizlik Şurası MAQATE-nin baş direktoru Məhəmməd əl-Bəradeinin İranın nüvə planına dair növbəti məruzəsini qözləmədən Tehrana qarşı yeni sanksiyalar tədbiq edə bilər. "Təhlukəsizlik Şurası MAQATE-nin məruzəsinin mahiyyətinə baxmadan ölkə əleyhinə 3-cü Qətnaməni qəbul edəcək" - deyə nüvə məsələsi üzrə iranlı ekspert Əhməd Şirzad Trend ə bildirib.

Fevralın 21-də BMT TŞ-nin daimi üzvləri İran əleyhinə 3-cü Qətnamənin ilkin variantını təsdiqləyiblər. Əl-Bəradei bu ölkənin nüvə planına dair növbəti məruzəsini isə fevralın 22-da BMT-yə təqdim edəcək.

"İranın nüvə planına, ballistik raketləri davamlı olaraq sınaqdan keçirməsinə və İsrailə qarşı təhdidlərinə dünya ictimaiyyəti etinadsız yanaşmayacaq" - deyə İran Parlamentinin sabiq deputatı Şirzad cümə günü Tehrandan telefonla bildirib. Amma o hesab edir ki, növbəti Qətnamə sərt olmayacaq.

Şirzadın fikrincə, İranın nüvə planı tamamilə yersiz və lazımsızdır və beynəlxalq ictimaiyyət heç zaman buna imkan verməyəcək.

Digər iranlı ekspert Əhməd Zeydabadi qeyd edir ki, rəsmi Tehran ümid edir ki, Əl-Bəradeinin İranın nüvə planına dair növbəti məruzəsində müsbət məqamların qeyd olunacaq və beləliklə, İran özünə uranın zənginləşdirilməsində bir növ haqq qazandıracaq və beynəlxalq ictimaiyyətin rəsmi Tehrana qarşı həssaslığı səngimiş olacaq. "Əl-Bəradeinin İranın nüvə planına dair növbəti məruzəsinin sərt olması da istisna olunmur. ABŞ kəşfiyatı İranın nüvə sahəsində gizli fəaliyyətinə dair Əl-Bəradeiyə yeni faktlar və sübutlar təqdim edib. Həmçinin İran öz nüvə planına dair yaranmış şübhələrə tamamilə aydınlıq gətirməyib. Bunların hamısı İranın əleyhinə olan faktlardır" - deyə Zeydabadi bu gün telefonla Trend ə açıqlamasında bildirib.

TŞ indiyədək İranın uranı zənginləşdirmək planına dair bu ölkənin əleyhinə iki Qətnamə tətbiq edib. İran isə dinc nüvə texnologiyalarına yiyələnməyi öz qanuni haqqı hesab edərək, BMT-nin bir çox tələbləri ilə razılaşmır.

Xəbər lenti

Xəbər lenti